Aprelin 19-da Təhsil Nazirliyində məktəb direktorlarının işə qəbulu imtahanı və Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com-un məlumatına görə, mətbuat konfransında Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələrinə əsasən elektron ərizəsi təsdiq olunan 2260 nəfərdən 1591 nəfər imtahanda iştirak edib, 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb: "597 vakansiya elan edilmişdi. Nəzərdə tutulan imtahanlarda 50 faizdən çox, yəni 30 baldan çox toplayanlar yer qazanib".
Şöbə müdrinin sözlərinə görə, məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə - imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb: "Proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib. Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub.
Esse yazmaq üçün proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd ediblər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılıb".
İlhamə Əbülfət