22 Aprel 2016 12:06
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış dilçi alim, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırov vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının( AMEA) mətbuat xidmətindən məlumat verilib.

Adil Bağırov 1947-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. "Türk dillərində yarımçıq fellər (Oğuz qrupu türk dillərinin materialları əsasında)" mövzusunda namizədlik, "Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

A.Bağırovun əsas fəaliyyət istiqamətləri Oğuz qrupu türk dillərində yarımçıq fellərin xarakterik xüsusiyyətləri, dildəki yeri və mövqeyinin müəyyənləşdirilməsi, digər türk dil qrupları ilə müqayisəli tədqiqi, Naxçıvan ərazisindəki onomastik vahidlərin əmələgəlmə, yaranma yolları, inkişaf qanunauyğunluqları, dil tərkibi, məna və mövqeyi, struktur-semantik xüsusiyyətlərinin elmi-linqvistik şəkildə tədqiqi ilə bağlı idi. O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan dilçiliyini layiqincə təbliğ edib.

A.Bağırov elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1966-1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhər və 39 №-li Naxçıvan şəhər dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri, Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, Naxçıvan Özəl Universitetində "Azərbaycan dilçiliyi" kafedrasının müdiri vəzifələrində çalışıb.

140-dan artıq elmi əsərin müəllifidir. Onlardan "Türk dillərində yarımçıq fellər", "Naxçıvanın hidronimləri", "Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri", "Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü", "Naxçıvanın oykonimləri", "Onomalogiya problemləri", "Oronimlərin linqvistik xüsusiyyətləri" və s. monoqrafiyalar Azərbaycan dilçilik tarixi üçün dəyərli mənbədir.
Allah rəhmət eləsin!


Müəllif:

Oxşar xəbərlər