“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi apreldən avqustun 25-dək ölkədə İnsan alveri ilə mübarizə üzrə virtual hərəkata start verir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Teleqraf.com-a bildirib ki, hərəkatın məqsədi sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərər çəkməsinin qarşısını almaqdır:
“Son illər beynəlxalq cinayətkarlıq statistikasına nəzər yetirdikdə məhz insan alveri qurbanlarının virtual şəbəkələr vasitəsilə cəlb edilməsi tendensiyasını diqqəti cəlb edir. Gənclərimizin bu cür cinayətlərin qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə virtual hərəkata start verilir”.
Hərəkatın digər missiyası gənclərin məlumatlandırılması, insan alveri cinayətinə cəlb etmə prosesinin qarşısının alınması olduğunu deyən Mehriban Zeynalova əlavə edib ki, çətinlikdə olan gənclərə yardımları göstərilməsi kimi fəaliyyətlər nəzərdə tutulur: “Kampaniya boyu müxtəlif məzmunlu mesajlar və mətnlər hazırlanacaq, insan alveri cinayətinə cəlb edilmək ehtimalı olan gənclərin zəng vura biləcəyi telefon nömrələri yayılacaq. Gənclər onları narahat edən digər məsələlərlə bağlı da zəng vurub məsləhət ala biləcək. Hazırda kampaniya ilə bağlı sosial şəbəkələrdə xüsusi səhifəsi yaradılıb”.
Birliyin rəhbəri qeyd edib ki, kampaniyanın ilk müraciəti həmin səhifələrdə yayılıb: “Gündəlik həyatımızda müxtəlif mənfi hadisələr barəsində eşidirik, hətta şahidi də oluruq. Bu hadisələrin bir çoxu da sosial şəbəkələrə bağlı olur. Sosial şəbəkədə aldadılmış qızlar sonradan onları aldadan şəxslər tərəfindən şantaj edilərək müxtəlif təzyiqlərlə üzləşirlər.
Bununla bağlı bizim təşkilatımıza da bir neçə müraciətlər olub. Həmin qızlar bəzən yaxınlarının və qohumlarının hadisədən xəbər tutacağından ehtiyat ediblər və susublar. Bildiyimizə görə, bununla bağlı hətta intihara cəhd göstərən də olub. Eləcə də sosial şəbəkələrdə xarici ölkədə işə düzəlmək istəyənlər arasında da aldananlar olur.
Kiminsə başına belə hadisə gəlibsə, belə fakt qarşına çıxıbsa (012) 511-11- 51 nömrəsinə zəng vura bilər”.
İlhamə ƏBÜLFƏT