“Müəllimlərin peşə keyfiyyətlərinin artırılmasına imkan verən mexanizmlər tətbiq olunmağa başlanıb”.
Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasinda deyib.
Nazir qeyd edib ki, bu məqsədlə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun bazasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılıb: "Bu qurum kredit sisteminə əsaslanaraq bütün kateqoriyadan olan təhsil işçilərinin peşəkar inkişafı ilə əlaqədar olan siyasətin müəyyənləşdirilməsi, təlimlərin təşkili və koordinasiya ilə məşğul olacaq".
Mikayil Cabbarovun sözlərinə görə, bu sahədə Təhsil Problemləri İnstitutunun da üzərinə yeni vəzifələr düşür:
"Hazırda bu qurumun yeni inkişaf modeli üzərində iş gedir. Təhsil sistemində tətbiq edilən yeniliklərdən biri də pilot olaraq seçilmiş 58 məktəbdə 176 təmayül sinfinin açılmasıdır.
Bu məktəblərdə oxuyan şagirdlərə qeyri-profil fənlərin dərs saatlarının azalması sayəsində seçdikləri istiqamət üzrə daha dərin biliklər verilir. Bu islahatın məqsədi ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqaməti üzrə daha keyfiyyətli kompitensiyalara yiyələnmək imkanı yaratmaqdır".
Nazir bildirib ki, məktəbə hazırlıq pilləsinin 2016-2017-ci ildən dövlət büdcəsindən maliyyələşməsi və hamı üçün əlçatan olması istiqamətində işlər davam etdirilir: "Məqsəd 2020-ci ilə kimi ölkədə uşaqların məktəbəqədər təhsil səviyyəsinə əhatəsini 70 faizə çatdırılmasıdır”.
İlhamə Əbülfət