Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 8-də Tərtər, Füzuli və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib.
ANAMA-nın mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Tərtərin Qarağacı kəndində iki ev və icra nümayəndəliyinin həyətyanı sahələrində 10 partlayış yerinə baxış keçirilmiş, bir ədəd partlamamış 122 millimetrlik top mərmisi aşkar edilib, mərkəzi məhvetmə ərazisinə daşınıb, gün ərzində 18.100 kvadratmetr ərazi yoxlanılıb. Tərtərin Qazyan kəndində üç ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 12 500 kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib. Qaynaq kəndində isə bir həyətyanı sahəyə baxış keçirilib, 5 000 kvadratmetr ərazi yoxlanılıb, bir şübhəli obyekt aşkarlanıb, obyektin dərində olduğu və iş gününün sona çatdığı nəzərə alınaraq ərazi işarələnib. Ərazidə əməliyyat növbəti gün davam etdiriləcək.
Füzuli rayonunun Şükürbəyli kəndidə iki otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 410 kvadratmetr ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndidə bir həyətyanı sahəyə və iki partlayış çalasına baxış keçirilib, tam partlamış top mərmisinin qalıqları aşkar edilib, 1 100 kvadratmetr ərazi təmizlənib.
ANAMA tərəfindən aprelin 7-dən mayın 8-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 448 ev və həyətyanı sahə, iki hərbi hissə, iki kənd qəbiristanlığı, üç kənd orta məktəbi, bir tibb məntəqəsi, yeddi ferma, əkin sahələri və bir çaxır zavodu ərazisinə baxış keçirilib, 1 415 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), iki ədəd piyada əleyhinə POMZ-2 və altı ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.