13 May 2016 17:17
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı yolunun Qobustan rayonuna yaxın ərazisində yerləşən “Qobulənd” istirahət mərkəzinin ərazisində “piknik” zonası fəaliyyətə başlayıb.

Süni göl ətrafındakı istirahət zonasının əsas xüsusiyyəti “özü bişirib özü yeyənlər”ə də şərait yaradılmasıdır. Bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən özləri kabab çəkə, əylənə bilərlər. Kabablıq əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar.

Kabab bişirmək üçün müştərilərə manqal, samovar və digər lazımi ləvazimatlar kirayə verilir.

Menecer bildirir ki, ödənişin səbəbi ərazidə təmizlik xərcləri ilə bağlıdır. Amma ləvazimatları özü ilə gətirib sonda istifadə edilən ərazini təmizləyənlərdən ödəniş tələb edilməyəcək.

Bundan əlavə “piknik” zonasında müxtəlif növ əyləncələrdən istifadə etmək olar. Katamarandan yarım saatlıq istifadə 5 manat, velosiped sifariş etmək 2 manatdır. Painboll 10 nəfərlikdir. Bunun üçün 100 güllə 10 manatdır.

“Piknik” zonasında şeytan çarxı və elektrik avtmobilləri də var. Voleybol və tennis meydançası isə boş olduğu halda buradan pulsuz istifadə etmək olar.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, bulvar ərazisində insanların yaşıllıq sahəsində hərəkət etməsinə, heç bir məhdudiyyət qoyulmayıb: “Amma “piknik” etməyə icazə verilmir. Bakının iqlimi o qədər sərtdir ki, bir kvadratmetr yaşıllıq sahəsini əmələ gətirmək üçün həm böyük pul xərclənir, həm də çoxlu fiziki əmək qüvvəsi sərf olunur. “Piknik” zamanı insanlar yerə palaz sərir, uzanır, otu tapdalayır, tökdükləri zibilləri təmizləmədən gedirlər”.

Beləcə çəmənliyin başına olmazın oyunların gətirildiyini deyən Nazim Məcidov bildirib ki, bulvar ərazisində “piknik” üçün yer ayırmaq istəsələr belə, buna imkan yoxdur: “Əgər Bakının iqlimi Quba, İsmayıllı, Qəbələ, Lerik, Yardımlı kimi olsaydı, yaşıllıq sahələri salmaq elə də çətin başa gəlməzdi. Bəlkə onda “piknikə” icazə verərik. Amma Bakıda, Abşeronda və Dənizkənarı Bulvarda “piknik”lərə icazə verilməyib, bundan da sonra verilməyəcək”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər