Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 15-də Böyük Britaniyaya səfərə yola düşür. Səfər İngiltərənin "Faith Matters" təşkilatının dəvəti ilə həyata keçirilir.
İdarənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, QMİ sədri mayın 16-da Londonda keçiriləcək dini icmaların konfransında iştirak edəcək. Konfrans "Faith Matters" təşkilatı tərəfindən Azərbaycanda elan olunmuş "Multikulturalizm ili" münasibətilə və Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamağın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunur.
A.Paşazadə ilə bərabər Londonda keçiriləcək konfransda Azərbaycanı ənənəvi dini konfessiya başçıları - Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev təmsil edəcəklər.
Londonda keçirilən konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov da iştirak edəcəklər.
Böyük Britaniyada Azərbaycan nümayəndə heyətinin müxtəlif dini icmalarla, habelə tanınmış ictimai xadimlərlə görüşləri nəzərdə tutulur.