Bu gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakıda Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi (6-cı mikrorayon istiqamətinə dönən yol) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
"Azəravtoyol" ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ("Azadlıq prospekti" metro stansiyası, 8-ci mkr. istiqamətinə) və Məsud Davudoğlu küçələri ilə (6-cı mkr. istiqamətinə) hərəkət təmin olunacaq.
Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək (3-4 gün) tətbiq olunacaq.
ASC baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edir.