“Məişət zorakılığı ilə bağlı rəqəmlər üst-üstə düşmür. Düzdür, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı məlumat bazası hazırlayıb Milli Məclisə təqdim edir. Lakin digər təşkilatların bu sahədə apardığı monitorinqlər arasında fərqli rəqəmlər müşahidə edirik”.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Aqiyə Naxçıvanlı deyib.
Millət vəkili bildirib ki, məişət zorakılığından əziyyət çəkən qadınlara kömək üçün polis şöbələrində kişilərlə birlikdə qadınlara da yer verilməlidir. “Çünki bir çox qadınlar problemlərini kişiyə demək istəmir. Azərbaycan qadını üçün problemini yad kişiyə danışmaq adi hal deyil”.
Aqiyə Naxçıvanlının sözlərinə görə, bu gün mentalitetimizə uyğun gəlməyən vətəndaş nikahları artıb: “Bunun nəticəsində uşaqlar və qadınların hüquqsuz qalır. Hər məhəllənin mollası bir kağız verir və bununla “ailə” qurulur. Son qəbullarımda ən çox müraciətlərin məhz uşağı ilə evsiz qalan qadınlardır.
Ailə gəlin gətirir, lakin ev qaynananın üzərində olur. Boşanma zamanı qadın evsiz qalır. Komitə yaranandan bu vaxta qədər yüzlərlə belə tədbir keçirilib, lakin bu faktlar hələ də qalır. Mövcud məktəb psixoloqları iş aparmalıdır.
Əvvəl ali məktəblərdə etika, estetika dərsləri olurdu. Bu dərsləri yenidən təşkil etmək lazımdır. Heç bir müəllim dərsdə zorakılıqdan danışmır. Belə mövzulardan danışılsa, məişət zorakılığı, erkən nikahların qarşısını ala bilər”
İlhamə ƏBÜLFƏT