Mayın 21-də Quba rayonunda V Qafqaz İqtisadi Forumu keçiriləcək.
Qafqaz Universitetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, forumda Qafqaz Universiteti ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texnologiya Universitetinin təmsilçiləri də iştirak edəcək. Forum, Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasına uyğun olaraq “İqtisadi Böhran Kontekstində İxracın Stimullaşdırılması” başlığında təşkil ediləcək.
Forumda təşkilatçı qurumlarla birlikdə, İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Vergilər Nazirliyi, Millət Vəkilləri, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Quba Rayon İcra Hakimiyyəti, "Veysəloğlu" şirkətlər qrupu təqdimatçı kimi yer alacaq. Müzakirələrdə bir çox dövlət və özəl sektorun nümayəndələri, mütəxxəsislər və elm adamları da iştirak edəcəkdir.
Forumda Azərbaycan iqtisadiyyatının mənfi ekzogen təsirlərə qarşı dayanıqlılığının təmin olunması, manatın devalvasiyasının qeyri neft sektorunun ixracına təsiri, neft gəlirlərinin azalması fonunda ixracın diversifikasiya zərurəti, ixracın stimullaşdırılması istiqamətində aparılan islahatlar, ixrac potensialının yüksəldilməsi və ixracın stimullaşdırılması yolları Azərbaycan şirkətlərinin beynəlxaq bazara çıxmasında innovativ sahibkarlığın əhəmiyyəti, ixracın stimullaşdırılmasında İKT-nin rolu, ixracın stimullaşdırılmasında İSO 9001:2015 standartlarının rolu kimi mövzular müzakirə olunacaq.
Forumun yekununda əldə ediləcək nəticələr əlaqədar dövlət qurumlarına təkliflər paketi kimi təqdim ediləcək.
Yusif