25 May 2016 12:35
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və AMEA-nın Tarix İnstitutunun elmi-təşkilati dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.

Elmi-praktik konfransın keçirilməsində əsas məqsəd orta əsr şəhər mədəniyyətinə malik Azərbaycanın İrəvan şəhəri, onun dövlətçiliyimizin tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunun, ermənilər tərəfindən şəhərin məqsədyönlü şəkildə özününküləşdirilməsi yolunda apardığı vandal siyasətin araşdırılması, o cümlədən, maddi-mədəniyyət abidələrinin, mənəvi irsin tədqiqi və təbliğinə gənc tədqiqatçılar tərəfindən töhfə verməkdən ibarətdir.

Layihə rəhbəri, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev qeyd edib ki, Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir: “Bir çox hallarda müxtəlif beynəlxalq tədbirlərdə iştirak zamanı gənclərimizin məlumatsızlığı özünü göstərir. Bu həqiqətlər haqqında dünya ictimaiyyətinin, xarici ölkələrdə yaşayan gənclərin məlumatı azdır. Erməni alimləri tərəfindən aparılan məqsədyönlü təbliğat nəticəsində dünya ictimaiyyəti bilərəkdən çaşdırılır”.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: “İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan etmişdir”.
Tarixçi-alim Y.Mahmudov qeyd edib ki, Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı Azərbaycan, ingilis, rus, rumın, italyan, ispan və ərəb dillərində çap olunub.

“Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir. Təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi”, - deyə AMEA-nın müxbir üzvü bildirib.

Konfransda çıxış edənlər qeyd ediblər ki, erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırım nəticəsində on minlərlə tarixi adlar dəyişdirilərək erməniləşdirilib.

Bəkir


Müəllif:

Oxşar xəbərlər