7 İyun 2016 10:20
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa vətəndaşı Allisan Menrol və dostları iki həftəlik Azərbaycana səfər ediblər. İçəri Şəhərdə rastlaşdığımız qonaq bildirir ki, ilk dəfə Bakıya ötən il İlk Avropa Oyunları zamanı gəlib. “Bakını çox bəyəndim. İndi həmyerlilərimlə yenidən bura səfər etmişəm. İçəri Şəhəri çox sevirəm. Yaxın günlərdə bölgələrinizə də səfər edəcəm”, deyir Allisan Menrol.

Həmsöhbətimiz onu da bildirir ki, o, Azərbaycan haqqında Birinci Avropa Oyunları ərəfəsində geniş məlumat toplayıb: “Ölkəniz haqda eşitmişdim, amma geniş məlumatım yox idi. Ötən il Bakıya gəldim. Bura təsəvvür etdiyimdən daha möhtəşəm imiş. Qədim şəhərinizi gəzib qurtarmaq olmur. Qız Qalası, Şirvanşahlar Sarayı adamı valeh edir. Ona görə də, yenidən bura səfər etmək qərarına gəldim və dostlarımı da dəvət etdim”.

İçəri Şəhər, Bakının “Torqovıy” adlanan ərazisi və Dənizkənarı Parkda gəzərkən turist təsiri bağışlayan çoxlu sayda xarici vətəndaşlara – avropalılara, ərəblərə, ruslara, çinlilərə və başqa, əcnəbilərə rast gəldik.

Statistik rəqəmlər göstərir ki, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bunun səbəbləri bir neçə amillə izah olunur ki, bu barədə bir qədər sonra məlumat verəcəyik.

Turizmin inkişafı – rəqəmlərin dili ilə

Öncə bildirək ki, ölkəyə turist səfərlərinin intensivləşməsini təmin etmək üçün dövlət başçısı viza rejiminin sadələşdirilməsi barədə fərman və qərarlar qəbul edib.

Bunlardan biri 2016-cı il fevralın 1-dən etibarən “insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə", Çin də daxil olmaqla, daha 10 ölkəyə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsidir.

Prezident iyunun 1-də “ASAN Viza” sisteminin yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkəyə gələn əcnəbilərə elektron viza verilməsindən ötrü “ASAN Viza” sistemi yaratmalı, onun idarə olunmasını təmin etməlidir. “ASAN Viza” sisteminin yaradılmasında məqsəd vizaların əldə edilməsində daha uyğun şəraitin formalaşdırılmasıdır.

Rəsmi məlumatların təhlili göstərir ki, ölkəmizdə turizmin dinamik inkişafı 2003-cü ildən sonrakı dövrə daha çox təsadüf edir. Bu müddət ərzində turistlərin sayı azı 5 dəfə artıb. Məsələn, 2001-ci ildə Azərbaycana 400 min turist gəlirdisə, 2003-cü ildə bu rəqəm 767 min, 2014-cü ildə 2 milyon, 2015-ci ildə isə 2.5 milyon nəfərə yaxın olub. Növbəti 5 il ərzində Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatacağı gözlənilir. Hazırda Azərbaycanda 250-dən çox turist şirkəti fəaliyyət göstərir. 570-dən çox yerləşdirmə yeri otellər, motellər var. Azərbaycana gələn turistlər son 10 ildə təxminən 5 dəfə artıb.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün otellərimizin də sayı artmalıdır: "Bu gün Azərbaycanda "üçulduzlu" otellərin sayı o qədər də çox deyil: “Belə hotellər yalnız sərbəst sərmayəçilərin fəaliyyəti nəticəsində əmələ gəlməlidir: "Bu gün Azərbaycanda "dörd" və "beşulduzlu" otellərin sayı kifayət qədərdir. Ona görə də sərmayəçilər daha çox "üçulduzlu" otellərə diqqət yetirməlidirlər. Bu, öz növbəsində daha geniş təbəqəyə xidmət göstərməyə imkan verər".

Turist sayının artmasının əsas səbəbləri

Azərbaycan Turizm Universitetinin prorektoru Eldar Aslanov hesab edir ki, beynəlxalq əhəmiyyətli yarışların, tədbirlərin keçirilməsi ölkəyə turist axınına müsbət təsir göstərir: “Avrovision” musiqi yarışması, Avropa Oyunları, Formula-1 yarışları Azərbaycanın dünyada tanıdılması ilə yanaşı, ölkəmizə əcnəbilərin marağını artırır. Son illər Azərbaycanda turistlərin sayının artmasında bu kimi tədbirlərin rolu böyükdür”.

Ekspertə görə, əcnəbilər üçün viza rejiminin sadələşdirilməsi ilk növbədə xarici ölkələrdən Azərbaycana gələn turistlərin sayının artmasına da səbəb ola bilər: “Azərbaycan İpək Yolunun strateji nöqtəsində yerləşdiyindən, eyni zamanda Fars körfəzi ölkələri və Çin, Yaponiya, Koreya, Malayziya, Sinqapurdan ölkəmizə gələn turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunduğundan həmin ölkələrdən də Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilə bilər”.

Bildirək ki, ölkəmizə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlərin sayı kəskin artıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən təkcə cari ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2.5 min nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur.

Bu son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.

“Belə ki, aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ digər Körfəz ölkələri ilə birlikdə ölkəmiz üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilmiş və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə hədəflənmişdir. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanmış və həmin ildən etibarən sözügedən ölkədə Nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 2011-ci ildə etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkil edilməsi kimi işlər görmüşdür. Təsadüfi deyildir ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16.1% artım baş vermişdir. Bununla yanaşı qeyd edək ki, BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olmuşdur”, deyə Nazirliyin məlumatında qeyd olunur.

Turistlərin sayında görünməmiş artım

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov qeyd etdi ki, hazırda Bakı şəhərindəki məşhur otellərdə boş yer tapmaq mümkün deyil: “Hazırda nə, “Hilton”, nə “Four Seasons” , nə “Marriot Abşeron” nə də digər tanınmış otellərində xaricdən gələn turistlər üçün yer tapmaq olmur. Şəxsən özüm bunun şahidi olmuşam. Təsəvvür edin, xaricdən qonaqlarım gəlib, onlara otellərdə yer tapa bilmirəm. Heç vaxt Azərbaycanda belə bir şey olmamışdı. Azərbaycan turizmində yüksək mövsüm sentyabr-oktyabr aylarında olur. Amma bu il yüksək mövsüm çox tez başlayıb. Əvvəlki illərin yaz-yay aylarında otellərin cəmi 40-50 faizi dolu olurdu. Bu il isə otellərdə yer tapmaq olmur. Bu, onu göstərir ki, Azərbaycan turizmi Avropa, Asiya, o cümlədən, ərəb, İslam ölkələrində çox böyük maraq doğurur. Rusiya, İran, bəzi ərəb ölkələri üçün Azərbaycanın turizm bazarı ilk onluqdadır”.

N.Bağırovun sözlərinə görə, Azərbaycana gələn turistlərin çoxu Bakı və Abşeronda yaşamağa üstünlük verirlər: “Ərəb ölkələrinin vətəndaşları daha çox Şəki, Qəbələ və bir qədər də Mərkəzi Aran rayonlarına meyl edirlər. Rusiya vətəndaşları Şimal bölgəmizdə istirahətə üstünlük verirlər. Amma turistlərin böyük əksəriyyəti Bakıda qalmağa üstünlük verirlər”.

Həmsöhbətimiz hesab edir ki, turist sayının artmasına əsas səbəblərdən biri də viza rejiminin sadələşdirilməsi olub: “Prezidentin sərəncamı əsasında əcnəbilər hava limanında viza ala biləcəklər. “Asan Viza” sisteminin yaradılması da prosesə təkan verəcək. Mən sizi əmin edirəm ki, gələn il Azərbaycana gələcək turistlərin sayı bu ilkindən daha çox olacaq. Gələn turistləri yerləşdirmək üçün otellərin sayının artırılmasına, restoranlara ehtiyac var. Bizdə milli şou göstərən restoranlar barmaqla sayılacaq qədər azdır. Tarixi-mədəni abidələrimiz, görməli yerlərimiz, təbiət mənzərələri kifayət qədərdi. Turistləri həm də şou-proqramlarla da təəccübləndirmək, əyləndirmək lazımdır. Gürcüstanda restoranlarda bir-birindən maraqlı milli şoular, konsertlər göstərirlər. Azərbaycanda da buna ehtiyac var. Ölkəmizdə turizmin inkişafı ilə bağlı çoxsaylı təkliflərimiz var. Yəqin ki, onu sistemləşdirib hökumətə təqdim edəcəyik”.

Turizm sənayesi yaradılmalıdır

Qeyd olunur ki, bu il Azərbaycana gələn turistlərin sayının artmasına təsir göstərən amillərdən biri də regionda baş verən siyasi gərginliklər fonunda Azərbaycanda müşahidə olunan siyasi sabitlik və iqtisadi inkişafdır. Tarixi abidələrlə zəngin olan ərəb ölkələrində bitmək bilməyən müharibələr, iğtişaşlar, Rusiya-Türkiyə münasibətlərində müşahidə olunan gərginlik, qardaş ölkənin şəhərlərində baş verən terror hadisələri əcnəbilər üçün Azərbaycanı daha cəlbedici edir. Ölkədə siyasi sabitliyin olması, təhlükəsizliyin təmin edilməsi, əhalinin sosial durumunun qənaətbəxş olması turizmin inkişafı üçün vacib amillərdəndir. Bir sözlə, burada turizmin inkişadı üçün hər cür imkan var. Qalır, Azərbaycanda turizm sənayesini yaratmaq.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin müvafiq göstərişi var. "Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik", deyə ölkə başçısı qeyd edib. Prezident bildirib ki, turizm sahəsində fəal şəkildə sərmayələr yatırılır: “ Hazırda əlavə addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini, təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik. Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir. Biz turizm sənayesini yaratmalıyıq. Hazırda, dünyada tanınan otellər ölkəmizdə var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər".

Ümid edirik ki, qarşıdakı illərdə yuxarıda sadalanan çatışmazlıqların aradan qaldırılması və təkliflərin reallaşması istiqamətlərində müvafiq addımlar atılacaq.

Ruslan Xəlilov

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur


Müəllif:

Oxşar xəbərlər