8 İyun 2016 16:55
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ən çox siqaretdən istifadə edən ölkələrin adlarını açıqladı. Siyahıya Çernoqoriya başçılıq edir. Burada hər yetkin vətəndaşa ilə 4 min 124 siqaret düşür, bu da günə 11,3 siqaret deməkdir.

Statistikaya əsasən, ilk “beşliy”ə həmçinin Belarus, Livan, Makedoniya və Rusiya daxildir. İlk “iyirmilik”də olan Azərbaycan 13-cü yerdədir.

Son illər ölkədə qadın siqaret çəkənlərin də sayında artım müşahidə olunur.

“İstəyir lap...”

Vaxtilə jurnalistika sahəsində çalışmış Fəridə Abdiyeva deyir ki, arada bir siqaret çəkir: “Ürəyim istəyəndə siqaret çəkirəm. Tez-tez siqaret çəkmək sözsüz ki, ziyandir. Lakin aradabir həzz üçün çəkilən siqaretin kimsəyə zərəri yoxdur. İndiki dövrdə yediyimiz qidanın böyük əksəriyyəti başdan-başa zəhərdir.

İstənilən halda, insanların seçimini mühakimə etmək etik deyil. Kim necə istəyir həyatını elə yaşayır. Kimsənin yanlışlarının bədəlini biz ödəmirik. Lap istəyir, günə 5 qutu siqaret çəksin. Ağciyər xərçəngi qoy onu qorxutsun”.

Ölənlərin 82 faizi siqaret çəkən insanlardır

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundovanın sözlərinə görə, Azərbaycanda xəstəlikdən ölən insanların 82 faizi tütün çəkənlərdir: “Ölkəmizdə kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. Siqareti atandan 2 saat sonra orqanizm nikotindən təmizlənməyə başlayır. İki ay sonra insanın dad, iy bilmə və ürək-damar sisteminin fəaliyyəti yaxşılaşır. 3-9 aydan sonra ağciyərin funksiyası 10 faizədək bərpa olunur, öskürək, təngnəfəslik problemləri azalır, 5 ildən sonra miokard infarktı riski tütün çəkənlərlə müqayisədə 2 dəfə azalmış olur”.

Direktor müavini deyir ki, pis vərdiş kimi tütün çəkmə insanların həyat tərzinin tərkib hissəsidir: “Tütün çəkmək insan sağlamlığına mənfi təsir edən amillərdən biridir. Bəzi xəstəliklərin yaranmasının birbaşa səbəbi tütün istifadəsi ilə bağıdır”.

“Siqaretin əxlaqla əlaqəsi...”

“Təmiz Dünya” İctimai Birliyin rəhbəri Mehriban Zeynalova deyir ki, bəzi xanımlara həyat yoldaşları siqaret çəkməyə icazə verir, bu halda kiminsə əxlaq dərsi keçməsini normal hesab etmir: “Siqaret daha çox sağlamlıq problemi olduğundan ona qarşı müxtəlif kampaniyalar təşkil edilir. Hesab edirəm ki, bu, normal haldır.

Amma siqaretin əxlaqla əlaqəsini göstərənlər yanılırlar. Əxlaq çox geniş məfhumdur. Onu siqaretlə ölçənlərin elə əxlaq anlayışı da o həcmdə olur”.

Millət vəkili Hadi Rəcəblinin sözlərinə görə, Azərbaycanda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması nəzərdə tutulur: “Siqaretdən istifadə ilə bağlı cəmiyyətimizdə anormal vəziyyət müşahidə edirik. Yeniyetmədən niyə siqaret çəkdiyini soruşursan, cavab verir ki, bilmirəm. Ən dəhşətlisi odur ki, qadınlar arasında da siqaretdən istifadə halları artıb. Ümumdünya Səhiyyə Təşkilatının sonuncu statistika çox ciddi narahatlıq doğurur, ona görə də “Tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” sənədin hazırlanması gündəmdədir”.

Ciddi sosial çarxlar

Ölkədə siqaret çəkənlərin sayca çoxalmasının narahatlıq yaradan amil olduğunu deyən psixoloq Elnur Rüstəmovun sözlərinə görə, siqaretin mənfi təsirləri haqda ciddi sosial çarxlar hazırlanmalıdır: “Respublika ərazisinin müxtəlif yerlərində reklamlar yerləşdirilməlidir ki, insanlar onun neqativini görsün. Fikrimcə, siqaretlə mübarizə istiqamətində mütləq təxirəsalınmaz addımlar atılmalıdır”.

Elnur Rüstəmov deyir ki, yaşlı nəsil çalışır siqaret çəkməsin, amma cavanlar siqaretə can atırlar: “Təbii ki, siqaretə meylin bir sıra səbəbləri var. Tutalım, seriallarda, filmlərdə müsbət qəhrəman obrazını yaradan aktyorlar siqaret çəkirlər. Bu, tamaşaçıda siqaretə meyl yaradır. İctimai yerlərdə də siqaret çəkmək qadağan deyil”.

Psixoloqun sözlərinə görə, narahatlıq doğuran məqamlardan biri də Azərbaycanda qadınlar arasında siqaret çəkmə hallarının çoxalmasıdır: “Artıq ölkədə qadınların siqaret çəkməsi ətrafda təəccüb doğurmur. Uşaqlı qadınların övladlarının yanında siqaret çəkməsi, yaxud bundan uşağın xəbərdar olması onları da siqaret çəkməyə sövq edir”.

“Ana uşağını itirmə riski ilə qarşılaşa bilər”

Siqaret çəkən qadının hamiləlik ehtimalının azaldığını deyən ginekoloq Naibə Həsənovanın sözlərinə görə, belə anaların dünyaya gətirdiyi uşaqda da müəyyən qüsurlar ola bilər: “Qadınların siqaret çəkməsinə onların özləri də birmənalı yanaşmırlar. Tütünün əsas fəsadları ilə bağlı uşağın inkişafdan qalması, bətndaxili inkişafın ləngiməsi, çəkidə azlıq kimi riskləri qeyd edə bilərik. Ən qorxulusu odur ki, belə ananın uşağı qüsurla doğula bilər.

Hamiləlik haqqında düşünən qadınlar 3 ay ərzində siqaret çəkməməli, yalnız bundan sonra hamilə qalmalıdırlar. Bədənlərindəki nikotin çıxmalıdır. Siqaret çəkərlərsə, uşağı itirmək riski ilə qarşılaşa bilərlər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər