11 İyul 2016 12:23
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Məcidov, Həmidxan Mürvətov və Faiq Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, “Meyniman-1” MMC-nin rəhbəri Həmidxan Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin mövcud olmayan sərəncamını əsas kimi götürərək Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində 96 min manat dəyərində 10 km uzunluğunda istifadə olunmayan və istifadəyə yararsız su kəməri xəttinin saxta alqı-satqı müqaviləsini hazırlayıb.

Boru kəmərləri Göyçay suvarma sistemləri idarəsinin balansında olduğundan planlaşdırdığı cinayəti həyata keçirmək məqsədilə Həmidxan Mürvətov həmin müqaviləni qeyd edilən idarəyə təqdim etməklə kəmərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən guya ona satıldığını və söküb aparacağını bildirib.

Bundan sonra Həmidxan Mürvətov işin texniki cəhətdən həyata keçirilməsi üçün hazırlıqlar görərək metalın kəsilməsində istifadə olunacaq avadanlıq və texnikanı Qaraməryəm kənd sakini İlqar Quliyevin həyətinə gətirərək külli miqdara özgə əmlakını ələ keçirməyə cəhd edib.

Digər təqsirləndirilən şəxslər Tahir Məcidov və Faiq Sadıqov Həmidxan Mürvətovla əlbir olublar.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Faiq Sadıqov 9 il, Həmidxan Mürvətov 10, Tahir Məcidov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: