10 Noyabr 2016 15:56
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin cinayət işi üzrə hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, günün ikinci yarısında davam edən prosesdə Akif Çovdarov və digər şəxslərin vəkilləri bir neçə vəsatət veriblər.

Həmçinin zərərçəkmişlərdən Mübariz Məmmədov mülki iddiasından imtina edib və zərərçəkmişlər siyahısından çıxarılması istəyib. Məhkəmə mülki iddiadan imtinanı qəbul etsə də zərərçəkmişlər siyahısından çıxartmayıb.

Akif Çovdarovun vəkilləri məhkəmə heyətinə etirazla bağlı vəsatət vermək istəyiblər. Amma buna imkan verilməyib və hakimlər müşavirəyə gediblər.
Müşavirədən qayıdan hakimlər cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar açıqlayıblar.

Məhkəmə baxışı noyabrın 14-nə təyin olunub.

Vəkil Kamandar Nəsibov bildirib ki, Akif Çovdarovun səhhəti daha da ağırlaşıb: “O, otura bilmirdi, hakimdən xahiş etdi ki, uzansın”

***

Fasilədən sonra keçirilən prosesdə Akif Çovdarov həkim nəzarətində məhkəməyə gətirilib.

Məhkəmə iclasını Akif Çovdarov xərəkdə uzanaqalı vəziyyətdə izləyir.

Hazırda proses davam etdirilir.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, Akif Çovdarov və digər şəxslərin cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Həbib Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Cinayət işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır. Prosesdə təqsirləndirilən Akif Çovdarov məhkəməyə gətirilməyib.

Vəkil Cavid Rzazadə jurnalistlərə bildirib ki, Akif Çovdarovun səhhətində ciddi problem var: "Hazırda məhkəməyə fasilə elan olunub. Digər təqsirləndirilən şəxsləri məhkəməyə gətirsələr də, Akif Çovdarovun səhhətində ciddi problemlər olduğu üçün prosesə gətirilməyib. Hazırda bir neçə həkim onun saxlanıldığı təcridxanada Akif Çovdarovu müayinə edir".

Prosesdə bir saatlıq fasilə elan olunub.

Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Hacı Zeynalov


Müəllif: