8 Fevral 2017 15:08
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə Kürdəmir rayonunda yerləşən “Xatirə” restoranı epizodu üzrə şahidlər dindirilib.

Məlumat üçün bildirək ki, Kürdəmir rayon Mollakənd sakini Şehman İmanova məxsus “Xatirə” restoranı Akif Çovdarov və adamları tərəfindən zorla ələ keçirilib.

Şahid qismində ifadə verən Kürdəmir rayon Mollakənd bələdiyyəsinin sədri Nofəl Qasımov bildirib ki, 2000-ci ildən Mollakənd bələdiyyəsinə üzv, üzvlərin ümumi toplantısında isə hər dəfə bələdiyyə sədri seçilib: “2007-ci ilin iyul ayının ortalarında “RAF-2006” MMC-nin müraciəti əsasında Mollakənd bələdiyyəsinə məxsus, Kür çayının sahilində yerləşən 30 hektar boş torpaq sahəsində balıqçılıq təsərrüfatı yaradılması məqsədilə “RAF-2006” MMC-yə 99 il müddətinə torpaq sahəsi icarəyə verilib.

Bununla bağlı 15 iyul 2007-ci il tarixdə bələdiyyənin iclası keçirilib. İclasda qərar qəbul edilib və bələdiyyə ilə “RAF-2006” MMC-nin arasında torpaq icarəsi müqaviləsi bağlanılıb. Həmin dövrdə “RAF-2006” MMC həmçinin Mollakənd ərazisində yerləşən Kürdəmir rayon İstehsal-İstehlak kooperasiyası cəmiyyətinə məxsus 39 hektar torpaq sahəsini də uzun müddətli icarəyə götürüb.

Hər iki torpaq sahəsi ərazilərində “RAF-2006” MMC tərəfindən balıqçılıq təsərrüfatı yaradılıb və hazırda həmin təsərrüfat fəaliyyət göstərib. Təsərrüfatda Kürdəmirin Mollakənd və İmişli rayonunun Telilişli kəndlərinin təxminən 20 nəfərə yaxın sakini çalışır”.


Nofəl Qasımovun sözlərinə görə, Mollakənd sakini Şehman İmanovu çox yaxşı tanıyıb: “Şehman İmanov həm həmkəndlim, həm də uzaq qohumum hesab edilir. Şehman İmanovla aramızda düşməniçilik, ədavət münasibətləri olmayıb. Şehman İmanovun atası mərhum Malik İmanov uzun müddətdir ki, Mollakənd ərazisində yerləşən İstehsal-İstehlak Kooperasiyası cəmiyyətinə məxsus və “RAF-2006” MMC-yə uzun müddətə verilmiş torpaq sahəsində yerləşən “Xatirə” yeməkxanasını işlədib.

Malik İmanov dünyasını dəyişdikdən sonra həmin yeməkxananı oğlu Şehman İmanov işlədib. Bir müddət sonra, 2008-ci ilin avqust ayında Şehman İmanov həmin yeməkxananı özəlləşdirdi. Lakin balıqçılıq təsərrüfatı yaradıldığı dövrdən yeməkxananı işlədə bilmədi”.


Şahidin sözlərinə görə, “RAF-2006” MMC-nin faktiki sahibi olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rəhbər vəzifəsində işləmiş Akif Çovdarov adlı şəxsin göstərişinə əsasən “Xatirə” yeməkxanasına gedən yol bağlanılıb: “Beləliklə, yeməkxananın fəaliyyəti faktiki dayandırıldı. Tərəflərin arasında yaranmış mübahisəyə görə Kürdəmir rayon məhkəməsində mülki işə baxıldı, Şehman İmanovun xeyrinə qərar çıxarıldı. Ancaq Şehman İmanov həmin yeməkxananı yenə işlədə bilmədi. Bu günə kimi “Xatirə” yeməkxananın fəaliyyəti bərpa edilməyib”.

Nofəl Qasımov daha sonra ifadəsində göstərib ki, “RAF-2006” MMC-nin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rəhbər vəzifəsində işləmiş Akif Çovdarov adlı şəxsə məxsus olduğunu bilib: “Lakin həmin şəxsi bir dəfə də görməmişəm. Həmin şəxsi tanımıram və hər hansı formada onunla tanışlığım olmayıb. Həmin təsərrüfata faktiki rəhbərliyi Fəttah Seyidov adlı şəxs edirdi.

2009-cu ilin yanvar ayının əvvəllərində Akif Çovdarovun, onun yaxın adamı Fəttah Seyidov və öz mühafizəçiləri ilə birlikdə dəfələrlə Şehman İmanova məxsus yeməkxananı və ətrafdakı torpaq sahəsini qanunsuz şəkildə əlindən almaq məqsədi ilə onu müxtəlif vasitələrlə sıxışdırmağa başlayıb, hədə-qorxu gəliblər. Akif Çovdarovun adamları Şehman İmanovla görüşüb və təmsil etdikləri şxəsin yüksək vəzifəli dövlət məmuru olduğunu, buna görə də torpaq sahəni yeməkxana ilə birlikdə 20 min manata məcbur satmağı təklif ediblər.

Yeməkxanaya aid elektrik dirəkləri dağıdıraraq naqillər kəsilib. Bu işləri həmin vaxt orada olan Fəttah Seyidovun tapşırığı ilə görülməsi barədə məndə hər hansı bir məlumat olmayıb. Mənə bu barədə Şehman İmanov, nə də onun yaxın qohumları bildirməyib. Lakin həmin ərazi mühafizəçilər tərəfindən qorunurdu, həmin əraziyə gedən hər iki yol bağlanmışdı. Ərazi adada yerləşdiyi üçün kənar şəxslər oraya daxil ola bilməyib. Həmin yeməkxana hazırda Şehman İmanovun bibisinin qudası, İmişli şəhərində yaşayan Sədiyar Tağıyevin adına rəsmləşdirilib”.

Daha sonra Kürdəmir Rayon İcra Şöbəsinin əməkdaşı Hikmət Quliyev dindirilib.

Onun sözlərinə görə, 2008-ci ildə “RAF-2006” MMC və zərərçəkmiş Şehman İmanovun məhkəmə çəkişməsindən sonra iddiaçı tərəf həmin restorana yol açılması ilə bağlı çıxarılmış qətnaməsini almağa gəlməyib: “Hətta borclu tərəf Fəttah Seyidov gəldi ki, yol açılıb, gəlsinlər qətnaməni götürsünlər. Biz onları axtardıq, bildiriş göndərdik. Buna baxmayaraq, tələbkar icra şöbəsinə gəlmədi”.

Zərərçəkmiş Şehman İmanov vəkillərin suallarını cavablandırıb. Onun sözlərinə həmin restoranın yanında olan torpaq ərazisində pambıq əkib, heyvan saxlayıb.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif: