20 Noyabr 2017 10:55
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə klinikanın nümayəndəsi Günay Sultanova mülki iddia ilə çıxış edib.

O, təqsirləndirilən şəxslər tərəfindən klinikaya dəyən 804 min, 343 manat məbləğində ziyanın ödənilməsini istəyib.

Həmçinin, təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə yalnız mülki iddianı icraata qəbul edib, digər vəsatət qəbul edilməyib. Məhkəmə baxışı noyabrın 24-ə təyin olunub.

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə istintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min, 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər