17 Yanvar 2018 11:14
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq həbs edilən Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdim etdiyi təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

Taksi xidməti göstərən Məhəmməd Hacıyev Günay Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinirlər. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, Etibar Məmmədov isə oradan qaçıb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, məhbus Əli Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov ötən oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib.

Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Əli Ağami Şirvanda həbs edilib. Etibar Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Cinayət işi üzrə müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər