6 Fevral 2018 15:53
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Türkiyə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən dəstə üzvləri - İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Kamran Əhmədov 5 il 6 ay, Rəşad Nəsirov, İlqar Əbilov və Elvin Yaqubovun hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190.000 ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində, ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçəsi qaçaqmalçılıq yolu ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və Kamran Əhmədov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər