Bakıda 72 yaşlı kişinin evinə basqın etməkdə təqsirli bilinən Cəlil Quliyev, Elvin Salahov, Vüqar Qələndərov, Murad Səfərov, Əziz Əliyev, Vüsal Hüseynov və Gülər Bəxtiyarzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Cəlil Quliyev 11 il, Elvin Salahov 11 il, Vüqar Qələndərov 11 il, Murad Səfərov 3 il, Gülər Bəxtiyarzadə 8 il, Əziz Əliyev 8 il, Vüsal Hüseynov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, dəstə üzvləri ötən il aprelin 26-da Nəsimi rayonu ərazisində, gecə saat 4 radələrində rayon sakini Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə giriblər.
Onlar Səyyad Cəbiyevin başına dəmir parçası ilə xəsarət yetirib, evdə 50 min manat axtarsalar da, oradan içərisində 200 manat və sənədlər olan pulqabı tapa biliblər.
Dəstə üzvləri tapdıqları pulu və sənədləri götürərək, hadisə yerindən qaçıblar.
Nəsimi rayon Polis İdarəsi və 19-cu polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar.
Əməliyyat tədbirləri nəticəsində digər şəxslərin də saxlanılması mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, cinayəti törətməkdə ittiham edilən şəxslərdən biri - Murad Səfərov evinə basqın edilən şəxsin bacısının nəvəsi imiş.
Hadisədən əvvəl Murad Səfərov digər dəstə üzvlərinə qohumunun bir neçə gün əvvəl bağ evini satdığı və mənzildə külli miqdarda pulun olduğu barədə məlumat verib. Dəstə üzvləri oğurluq etməyi planlaşdırıblar.
Evə daxil olmaq üçün əvvəlcə Gülər Bəxtiyarzadə qapını döyüb. Özünü aşağı mərtəbədə yaşayan qonşu kimi təqdim edib və evlərinə su damdığını söyləyib. Ahıl kişi qapını açandan sonra digər dəstə üzvləri evə basqın ediblər. Yaşlı kişiyə silahla hədə-qorxu gələrək bağ evinin pulunu verməsini tələb ediblər. Amma evdə axtarış aparsalar da qeyd edilən miqdarda pulu tapa bilməyiblər. Onlar sadəcə yaşlı kişinin pulqabını tapa biliblər.
Qonşular səs-küyə çıxan zaman isə dəstə üzvləri hadisə yerindən qaçıblar.
Bundan başqa təqsirləndirilən şəxslərdən bəzilərinin bir neçə oğurluq əməlində iştirak etdiyi də məlum olub.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək), 181.2.2-ci (təkrar quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham elan edilib.