Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar çərçivəsində uğurla icra edilən işlərdən biri kimi son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial müdafiəsi və təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub.
Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan sosial müavinət və təqaüd sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət tələb etmələri ilə bağlı Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.
Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri Vidadi Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında Elnur Quliyev və Vidadi Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.