Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Goranboy rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xoylu kənd sakini 52 yaşlı Elman Hüseynova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 24 ədəd çətənə kolu aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Hüseynovun yaşadığı evindən və həyətindəki tövlədən ümumi çəkisi 5 kiloqram 727 qram narkotik vasitə olan qurudulmuş marxiuana aşkar edilib.
Faktla bağlı Goranboy rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.