30 İyun 2020 16:55
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda gənc qızın boğazını kəsərək öldürməkdə təqsirləndirilən Əhliman Fərmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, bu cinayət işi mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdu. Həmin dövrdə hakim Nahid Mirzəyevin cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilmişdi. Hakim qərarı onunla əsaslandırmışdı ki, tərəflərin cinayət işinini materialları ilə tanış olmaları barədə qayda pozulub.

Qeyd edək ki, hadisə ötən ilin mayın 25-də Yevlax rayonunda baş verib. Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.

A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı şəhər sakini Alyona Yanqarovanın boğazını kəsərək meyitini Varvara kəndindən keçən su kanalına atan Ə.Fərmanov taksi sürücüsü olub.

İcarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə.Fərmanov gənc qıza hücum edərək onun üzərindəki pulları və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb. Ə.Fərmanov daha sonra qızın boğazını kəsərək onun öldüyünə əmin olmaq istəyib və meyitini su kanalına ataraq uzaqlaşıb.

Ona Cinayət Məcəlləsinin 120.2.11 (quldurluğa görə adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov