Zərdab rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1980-cı il təvəllüdlü Namiq Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Namiq Abdullayev keçmiş həyat yoldaşı Ruhiyyə Abuzərovanın əxlaqsız olduğunu və övladlarını ona göstərmədiyini düşünüb.
Daha sonra Namiq Abdullayev keçmiş arvadından qisas almaq niyyətinə düşüb. Namiq Abdullayev Ruhiyyə Abuzərovanın sifətinin silinməz dərəcədə eybəcərləşdirərək onu cəmiyyət içində və övladlarının yanında rüsvay edəcək xəsarətlər yetirmək məqsədi ilə özü ilə iş yerindən ülgüc və armatur götürüb.
2019-cu il dekabrın 30-da saat 22 radələrində Bakı şəhərindən taksi ilə birbaşa Zərdaba gəlib. O, Ruhiyyə Abuzərovanın evinin yaxınlığına gələrək küçədə gözləyib.
31 dekabr 2019-cu ildə saat, 01.00-da Ruhiyyə Abuzərova kirayədə yaşadığı Zərdab şəhəri Qumlu qəsəbəsində olan evinə gəlib. Ruhiyyə Abuzərova evinə yaxınlaşmaq istədikdə Namiq Abdullayev qaranlıqda qəflətən ona hücum edib, əlindəki armatur parçası və ülgüclə ona xəsarətlər yetirib.
“Boşansam da, bir müddət bir yerdə yaşadıq”
İstintaq orqanı tərəfindən Namiq Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq Abdullayev bildirib ki, 2007-ci ildə Ruhiyyə Abuzərova ilə ailə həyatı qurub: “2008-ci il təvəllüdlü Natiq və 2010-cu il təvəllüdlü Nahid adlı 2 övladımız olub. 2016-cı ilin dekabr ayında Ruhiyyə ilə birgə yaşadığım evə qayıdanda onun məndən boşandığını bildim. Ruhiyyə mənə boşanma barədə kağızı göstərməyib. Həmin vaxt məndən nə üçün boşandığını soruşdum. Dedi ki, anası deyib, buna görə də məndən boşanıb. Aramızda mübahisə olsa da, dava-dalaş olmadı. Ona görə də Ruhiyyə ilə boşansam da, bir müddət onunla bir yerdə yaşadıq. Yaşadığımız evin həyətində, yəni Ruhiyyənin anası və ögey atasının evinin həyətində hətta ev tikdirmişdim. Ancaq ev yarımçıq qalıb”.
“Eşidirdim ki, pozğunluq edir”
Namiq Abdullayevin sözlərinə görə, Ruhiyyə bir müddət uşaqları da götürüb Bakı şəhərinə gələrək paytaxtda işləyib, orada hardasa çörək bişirib, satıb: “Aramızda gah onun uşaqları mənə göstərməməsi üstündə, gah da müxtəlif səbəblərdən münaqişələr yaranıb. Eşidirdim ki, Ruhiyyə pozğunluq edir. Ancaq bunun həqiqətən belə olub-olmadığını bilməmişəm. 2019-cu ilin oktyabr ayının əvvəlində yenə Bakı şəhərinə işləməyə getdim. Nərimanov rayonunda qaynaqçı sexində qaynaqçı işlədim, uşaqlar ikisi də anası ilə, yəni Ruhiyyə ilə yaşayıblar. Bu 3 ay müddətində Ruhiyyənin telefonuna zəng edərək uşaqları soruşmaq istəsəm də, telefonu açmayıb”.
“Ruhiyyəyə Zərdaba gələcəm, səni şikəst edəcəyimi dedim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, onun telefon zəngələrinə Ruhiyyənin anası Vəsiqə Abuzərova bəzi hallarda cavab versə də, onun uşaqlarla telefonla danışmağına maneə yaradıb: “Uşaqları öyrədirdilər ki, atan pisdir. Dekabrın 30-da axşam vaxtı evə gələcəyimi bildirmişdim. Ruhiyyə isə mənə nalayiq söyüşlər söydü və telefonu söndürdü. Həmin vaxt ona təxminən 20 dəfə zəng etsəm də, o, telefonu açmadı. Bu hərəkətinə görə əsəbiləşdim. Dekabrın 29-da Ruhiyyəyə zəng edib uşaqları soruşanda demişdi ki, uşaqları anamgilə göndərib. Həmin vaxt Ruhiyyəyə inanmadım, anama zəng etdim. Anam da uşaqların həqiqətən də onlarda olduğunu dedi. Saat 03 radələrində anam Sənubər Məmmədova zəng etdi, dedi ki, Ruhiyyə uşaqları aparır. Ruhiyyəyə zəng etdim və dedim ki, uşaqlara dəyməsin, gecədir, səhər özüm gələcəm, uşaqları gətirərəm. Ruhiyyə isə telefonda taksi sürücüsünün yanında mənə qarşı olduqca nalayiq söyüşlər söydü və dedi ki, uşaqları sənə göstərməyəcəm. Mən isə Ruhiyyəyə dedim ki, sabah axşam Zərdaba gələcəm, səni şikəst edəcəm. Ruhiyyə də cavabında “mənə heç nə edə bilməzsən”, - deyə bildirdi”.
“Cavan oğlan qaçdı, onun kim olduğunu bilmədim”
Namiq Abdullayev qeyd edib ki, dekabrın 30-da saat 22 radələrində Zərdab şəhərinə gəlmək üçün paytaxtdan taksi ilə yola çıxıb: “Ruhiyyəyə hirsli olduğum üçün iş yerindən uzunluğu təxminən 65-70 sm olan, üzərinə ağ skoç dolanmış dəmir armaturu götürdüm. Həmin armaturla Ruhiyyəni vurub, xəsarət yetirmək fikrim olub. Ancaq onu öldürmək məqsədim olmayıb. 1 ədəd lezva da əynimdə olan qara rəngli qalın üst gödəkçəsinin döş cibinə qoymuşdum. Zərdaba gəldim, Ruhiyyəgilin evlərinin yanına çatanda saat 01 radələri idi. Həmin vaxt onların həyəti istiqamətinə gedərkən yolla tanımadığım, nömrəsini bilmədiyim “VAZ 2106” markalı avtomobil gəldi. Yolda saxladı və içərisindən 2 nəfər düşdü. Maşından düşənlərdən biri cavan oğlan, biri isə qadın idi. Qaranlıq olsa da, başa düşdüm ki, maşından düşən keçmiş həyat yoldaşım Ruhiyyədir. Cavan oğlanın kim olduğunu bilmək üçün arxasınca qaçdım. Həmin şəxs məni görən kimi qaçdı, ona çata, kim olduğunu öyrənə bilmədim.
“Dedi ki, məni bağışla”
Namiq Abdullayev bildirib ki, Ruhiyyə həmin vaxt ona tərəf gəlib: “Ruhiyyə yaxınlaşan kimi ona dedim ki, mənim uşaqlarımı sən belə saxlayırsanmı? Ruhiyyənin armaturla hər iki ayaqlarına vurdum, Ruhiyyə yerə yıxıldı. Ağladı və dedi ki, məni bağışla. Mən də onu bağışlamayacağımı deyərək, onu armaturla vurmağa davam etdim. Cibində olan lezvanı sol əlimə götürdüm və bir dəfə lezvanı möhkəm şəkildə sifətinin sağ tərəfinə çəkdim. Həmin vaxt özüm də əlimdən xəsarət aldım. Ruhiyənin ciddi xəsarətlər aldığını gördüm, onu orada qoyaraq piyada Zərdab şəhərinə, oradan da Allahqulubağı kəndinə, evimizə getdim. Valideynlərimə Ruhiyyəni vurduğumu söylədim. Ruhiyyə ilə barışıq əldə etmişəm, tutduğum əməldən peşmanam”.
“Köməyimə anam gəldi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ruhiyyə Abuzərova deyib ki, 2016-cı ildə Namiqlə qarşılıqlı razılıq əsasında boşanıblar: “Boşandıqdan sonra da bir yerdə yaşamışıq. Aramızda uşaqlarla bağlı münaqişə oldu. Dekabrın 30-da xalam qızıgildə olan zaman Elşəndən xahiş etdim ki, məni evimə aparsın. Elşən də saat 00.30-da Faiq ilə gələrək məni apardı. Evə çatan zaman saat 01 radələri olub. Maşından düşəndə evimin yaxınında Namiqi gördüm. Namiq məni görən kimi “mənim uşaqlarımı sən belə saxlayırsanmı?“, - dedi, əlində olan dəmirlə hər iki ayaqlarıma bir neçə dəfə vurdu. Mən yerə yıxıldım. Yerə yıxılanda Namiq yerdə də məni armaturla bədənimin müxtəlif nahiyələrinə vurdu. Bu vaxt Namiq əlindəki ülgüclə bir dəfə möhkəm şəkildə sifətimin sağ tərəfinə vurdu, sifətimdən qan açıldı. Oradakı içində su olmayan kanala düşdüm. Namiq mənim ciddi xəsarət aldığımı və anamın qışqıraraq oraya gəldiyini gördü, bu səbəbdən oradan qaçdı. Evimiz xəsarət aldığım yerə yaxın olduğundan həmin vaxt anam oraya çatdı, anam Elşənə zəng etdi. Elşən də təxminən 5-10 dəqiqə sonra öz maşını ilə gəldi, məni Zərdab rayon Mərkəzi Xəstəxanasına apardılar”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Abdullayev 3 il müddətinə azadlıqdan məhrum edilib.