7 Sentyabr 2021 10:30
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Göygöl rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Teleqraf.com-a Göygöl rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək bir neçə şəxsin “COVİD-19” əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov