29 Mart 2022 15:17
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda 1967-ci il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində tanışı Cəsarətə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il fevralın 26-da Bərdə rayonu Bəcirəvan kəndi ərazisində baş verib.

Aqil çayxananın qarşısında odun parçası ilə həmkəndlisi Cəsarətin baş nahiyəsindən bir dəfə vurub.

İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağar xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Aqil bildirib ki, qardaşı Sabit kənddə yerləşən çayxananı işlədib və bununla ailəsinin dolanışığını təmin edib: “Zərərçəkmiş Cəsarət mənim həmkəndlimdir. Əvvəllər Cəsarətlə münasibətlərim daim normal olub, aramızda heç bir düşmənçilik və ədavət olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 26-da saat 11 radələrində Sabitin işlətdiyi çayxanada olarkən həmkəndliləri Cəsarət, Tural, Baloğlan, Siyavuş və Rafiq masaların birində əyləşib, domino oynayıblar: “Həmin vaxt həmkəndlilərim Qabil və Saday isə digər masada nərd oynayırdılar. Mən də həmin masada əyləşərək nərdə tamaşa etdim.

Bu zaman Tural və Cəsarət Rafiq ilə mübahisə etdi. Rafiq lal-kar olduğu üçün Sabit Cəsarətgilin əyləşdiyi masadakılara yüksək səslə öz iradını bildirdi. Daha sonra Saday adlı kənd sakini Sabitə iradını bildirdi. Cəsarət isə Sabit ilə mübahisə etməyə başladı.

Az sonra Cəsarətgil və Sabit çayxanadan çölə çıxdılar. Mən çayxananın pəncərəsindən baxdıqda, Cəsarətin Sabitin sinəsindən tutaraq üzünə yumruqla vurduğunu gördüm. Qarşılığında Sabit də Cəsarəti vurdu. Çayxanadan çölə çıxdım və onları sakitləşdirmək istədim. Cəsarətin əmisi oğlanları Rüstəm və Mürvət onu sakitləşdirdi, aparmaq istədilər.

Cəsarət yerdə olan odun parçasını götürdü və Sabitin üzərinə gəldi. Sabitin oğlu Sadiq Cəsarətin üzərinə getdi, onu qucaqladı və atası Sabiti vurmamasını xahiş etdi”.

Aqil bildirib ki, Cəsarət isə Sadiqin xahişinə məhəl qoymayıb və əlindəki odun parçası ilə bir dəfə Sadiqin başına vurub: “Mən onlara yaxınlaşdım, Cəsarətin əlindən odun parçasını aldım və tərəfləri sakitləşdirmək istədim. Qəflətən o, Sabitə doğru getdi və ayağı ilə Sabitin çənə nahiyəsinə vurdu.

Həmin vaxt artıq əsəblərimə hakim ola bilmədim və Cəsarətin əlindən aldığım odun parçası ilə onun baş nahiyəsinə zərbə endirdim. O, zərbənin təsirindən huşunu itirərək yerə yıxıldı.

Cəsarətin atası Allahverdi və qohumları onu həmin yerdən apardı. Bununla da dava-dalaş sakitləşdi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Aqilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il 6 ay sınaq müddəti olmaqla 2 il 7 ay 1 gün müddətinə şərti cəza təyin olunub.


Müəllif: Hacı Zeynalov