Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş protest və şikayətlə bağlı məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara əsasən, kassasiya protesti təmin edilib. Əmlakların xüsusi müsadirədən azad edilməsi üzrə məsələ maddi və prosessual hüquq normalarının pozulması ilə həll edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilib.
Məhkumlar - A. Çovdarov və S. Məmmədova münasibətdə əmlakların xüsusi müsadirəsi ilə bağlı məsələyə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə yenidən baxılması üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsinə - yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilib.
Eyni zamanda zərərçəkmiş və mülki iddiaçı Cəfər Səfərovun kassasiya şikayəti də təmin olunub. İş üzrə maraqlı şəxs Çingiz Əsədovun şikayəti isə qismən təmin edilib.
Qeyd edək ki, ötən ilin sonlarında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarov və Səlim Məmmədovun əmlaklarının xüsusi müsadirədən azad olunması bağlı qərar qəbul edib.
Qərara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub.
Baş Prokurorluq isə Akif Çovdarov və Səlim Məmmədun müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərardan kassasiya protesti verib.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.