14 İyun 2023 16:04
7 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhər sakini, 1965-ci il təvəllüdlü Elxan 2-ci Qarabağ müharibəsinin qazisi Nailə qarşı dələduzluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elxan müəyyən məbləğdə pul müqabilində Naili hərbi xidmətdən pensiyaya bıraxdıracağına imkanının olduğuna inandırıb.

Bu məqsədlə Naildən 2021 -ci ilin aprelində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Banu Çiçək” adlı kafedə 8000 manat, 2021-ci ilin mayında Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən “Refem” adlı mağazadan “Milliön” ödəmə terminalı vasitəsilə kart hesabına iki dəfəyə göndərilmiş iki 300 manat pulu alıb.

İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2021-ci ilin aprelində qonşusu Şükür ona zəng vuraraq 2-ci Qarabağ müharibəsində yaralanmış Nail adlı tanışına pensiyaya çıxmağa köməklik göstərə bilib-biləcəyini soruşub: “Mən də köməklik göstərə biləcəyimi bildirdim. 2021-ci ilin aprelində Şirvan şəhərində yerləşən "Banu Çiçək" adlı kafedə Nail və Şükürlə görüşdüm. Şükür məndən Nailə köməklik göstərməyimi xahiş etdi.

Nail mənə 8000 manat pulunun olduğunu bildirdi. Bildirdi ki, işini düzəltsəm, əlavə 1000 manat da verəcəm. Bir həftə sonra Nail mənə zəng vurdu, pensiya məsələsini danışıb-danışmadığımı soruşdu. Onu yenidən Şirvan şəhərinə dəvət etdim. Lakin Nailin pensiyaya çıxmasında köməklik göstərməm barədə heç bir orqanla əlaqə saxlamadım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Nail və Şükür 2021-ci ilin aprelində yenidən Şirvan şəhərinə gəliblər və onunla “Banu Çiçək” adlı kafesində görüşüblər: “Nailə bildirdim ki, onu pensiyaya çıxartmağa çalışacam. Nail mənə 8000 manat verdi və dedi ki, pensiyaya çıxdıqdan sonra 1000 manat əlavə verəcək. 2021-ci ilin mayında Nailə zəng vurdum və 100 manat lazım olduğunu bildirdim. O, Lənkaran şəhərində olduğunu bildirdi. Özümə məxsus kartın şəklini ona göndərməyimi xahiş etdi. Nail kart hesabıma 100 manat göndərdi”.

Elxanın ifadəsinə görə, 5 gündən sonra daha 200 manat istəyib: “Nail həmin pulu da kart hesabıma göndərdi. Aldığım ümumilikdə 8300 manat pulu övladımın müalicə xərcələrinə xərcləmişəm və borclarımı ödəmişəm. Həmin pulla Nailin pensiyaya çıxması istiqamətində heç bir hərəkət etməmişəm. Pul verdikdən sonra Nail dəfələrlə zəng vurub, nə zaman pensiyaya çıxacağını bildirib. Mən isə hər dəfə işini tezliklə həll edəcəyini bildirmişəm”.

İş üzrə zərərçəkmiş Nailin sözlərinə görə, 2-ci Qarabağ müharibəsinin qazisi və 2-ci qrup əlildir: “2-ci Qarabağ müharibəsində Füzuli rayonu, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Hər iki döyüşdə ağır yaralanmışam. 2022-ci ilin fevral ayına kimi hospitalda, reabilitasiya mərkəzlərində müalicə almışam. 2022-ci ilin fevralında ordu sıralarında tərxis olunmuşam. Mənə 2-ci qrup əlillik təyin edilib. Buna baxmayaraq pensiya almıram”.

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin əvvəllərində hospitalda olduğu zaman özü ilə birlikdə hərbi xidmətdə olmuş Şükürlə söhbət etdiyi zaman pensiyaya çıxa bilmədiyini deyib: “Şükür bildirdi ki, Şirvan şəhərində tanıdığı Elxan adlı şəxs pensiyaya çıxmaqda köməklik edə bilər. Şükürdən Elxanla danışmağı xahiş etdim. Şükür zəng vurdu və telefon danışığı zamanı Elxan görüşərək söhbət etməyi təklif etdi.

2021-ci ilin aprelin əvvəllərində Şükürlə Şirvan şəhərinə gəldik və Elxanla “Banu Çiçək” kafesində görüşdük. Elxan dedi ki, 9000 manat müqabilində məni ordu sıralarından pensiyaya buraxdıra bilər, 8000 manatını əvvəlcədən, 1000 manatını isə sonradan verməli olacam. Mən də razılaşdım”.

Zərərçəkmiş deyib ki, bundan təxminən bir həftə sonra Şirvan şəhərinə gəlib və “Banu Çiçək” kafesində Şükürün yanında Elxana 8000 manat sayaraq verib: “Elxan qısa zaman ərzində mənmi pensiyaya buraxdıracağını bildirdi. Lənkəran rayonunda olduğum zaman Elxanla mobil telefon nömrəsi ilə danışdım. Elxan hər dəfə tez bir zamanda məni pensiyaya buraxdıracağını dedi”.

Nailin ifadəsinə görə, 2021-ci ilin mayında 10 gün vaxt aralığında Elxanın xahişi ilə onun bank kartına “MilliÖn” ödəmə terminalı vasitəsilə 100 manat bir, 200 manat bir göndərib:

“Bundan sonra dələlərlə əlaqə saxlasam da, Elxan hər dəfə bir bəhanə gətirərək qısa zamanda pensiyaya buraxılma məsələsini həll edəcəyini dedi. 2022-ci ilin fevralında öz səyim nəticəsində pensiyaya buraxıldım. Lakin bu barədə Elxana bir söz demədim.

Həmin ərəfədə yenə də Elxanla danışaraq pensiyaya buraxılmağımla bağlı məsələnin nə yerdə olduğunu soruşdum. O da qısa zamanda məsələnin öz həllini tapacağını dedi. Artıq aldadıldığımı başa düşdüm və Elxandan öz pulumu tələb etməyə başladım. Lakin məni aldadaraq pulunu geri qaytarmadı”.

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasın, həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilməsi, maddi ziyanın 25 faizi məbləğində pul vəsaitini də dövlət nəfinə ödəməsi nəzərə alınıb.

Bu səbəbdən Elxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Elxan Əfqanıstan və Qarabağ Müharibəsi veteranındır. SSRİ Ali Sovetinin rəyasət heyətinin 1988-ci il tarixli qərarı ilə “Qırmızı ulduz” ordeni ilə, Müdafiə Nazirinin 2003-cü il tarixli qərarı ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər