4 Sentyabr 2023 11:19
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Səbuhi Rəcəb 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.

Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley" markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərk ona qarşı 51 min manat məbləğində ziyan vurub.

Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqa təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.


Müəllif: Hacı Zeynalov