15 Fevral 15:34
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin idarə rəisi işləmiş, polkovnik Elcan Abdullayevin kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə qərar elan edilib.

Qərara görə, Elcan Abdullayevin cəzası 5 ildən 4 ilə endirilib.

Qeyd edək ki, ötən gün Elcan Abdullayevlə birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovun kasasiya şikayətinə baxılıb.

Ali Məhkəmənin qərarı ilə Nizami Şirinovun cəzası 4 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum edilib.

Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Hökmə əsasən, Nizami Şirinovun general rütbəsinin alınması üçün prezidentə təqdimat göndərilməsi barədə qərar olunub.

Bundan başqa o, orden və medallardan da məhrum edilib.

Həmçinin Nizami Şirinovun bütün əmlakları müsadirə olunub.

Hökmdən narazı qalan Nizami Şirinov və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrindən bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Qərara əsasən, Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Keçmiş MTN əməkdaşı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Bundan başqa, Nizami Şirinovun cəzası 6 ilə, Elcan Abdullayevin cəzası 5 ilə endirilib.

İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar alıblar.


Müəllif: Hacı Zeynalov