5 Aprel 18:42
3 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüqar Cəfərov ifadə verib. O bildirib ki, "N" saylı hərbi hissənin maliyyə xidmətinin rəisi vəzifəsində işləyib. Onun sözlərinə görə, tərəfindən dövlətə 99 min 624 manat ziyan vurub, həmin məbləği dövlətin büdcəsinə tam ödədiyini bildirib.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının maliyyə bölməsinin rəisi Hüseyn Yusubov ifadə verib.

O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Onun sözlərinə görə, həmin hospitala 2019-cu ildə maliyyə bölməsinin rəisi təyin olunub.

Şahid deyib ki, 3 il ərzində onun fəaliyyəti yoxlanılıb və 3 milyon manat yeyinti aşkar olunub. Qeyd edib ki, həmin məbləğin 1 milyon 235 min 921 manat onun tərəfindən mənimsənilib.

Şahid qeyd edib ki, təftişə İsmayıl Rəsulzadə və Teymur Teymurov gəliblər. Şahid əlavə edib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib və yoxlamaların nəticəsindən narazı deyil.

Hüseyn Yusubov onun tərəfindən dövlətə vurulmuş ziyanın 380 min manatını dövlət büdcəsinə ödəniş etdiyini deyib. Şahid bildirib ki, xüsusi tapşırıq əsasında 335 min manat vəsait Sadıq Sadıqov və Süleyman Abbasova verib. Şahid deyib ki, kənar şəxslərin adına pullar yazıblar, həmin pulları da mənimsəyiblər.

Bundan sonra şahid qismində Füzuli Ələkbərli ifadə verib. Hazırda təqaüddə olan Füzuli Ələkbərli üç hərbi hissədə maliyyə xidmətinin bölmə rəisi vəzifəsində işləyib. O deyib ki, maliyyə işlərində kənar vəsaitlər yazıblar, həmin vəsaitləri mənimsəyiblər. Ümumilikdə onun tərəfindən 500 min manat dövlət büdcəsinə ziyan vurulduğunu deyən şahid bildirib ki, həmin məbləğdən cəmi 100 min manat dövlət büdcəsinə ödəniş edib.

Füzuli Ələkbərli qeyd edib ki, işlədiyi dövrdə standart yanaşma olub: Məsələn, yoxlamalar zamanı artıq vəsaitlər üzə çıxırdı. Ayrılan vəsaitin 65 faizi maliyyələşmə və təftişçilərə, 35 faizi isə özümə çatıb. Rəisim Cəlal Kazımzadə olub, bütün tapşırıqları ondan almışam".

Daha sonra Cəlal Kazımov şahidin ifadəsinə belə cavab verib: "Mən şahidə təklif edirəm kişi olsun, düzgün danışsın.

Dediklərinin çoxu yalandır. Şahid bir qrup şəxsin adına pullar yazıb, həmin pulları da özünə götürüb. Hərbi hissədə kooperativ kart olduğu halda ayrı-ayrı şəxslərin adına olan kartlara köçürmələr edib. Bunların arasında onun həyat yoldaşı, digər qohumları da var".

Şahid isə deyib ki, onun xidmət etdiyi hərbi hissədə kooperativ kart olmayıb, buna görə də pullar ayrı-ayrı şəxslərin adına olan kartlara köçürüb.

Daha sonra Teymur Teymurov dindirilib.

Teymur Teymurov Müdafiə Nazirliyinin təftiş şöbəsinin işçisi olub. O, bu iş üzrə əsas şahidlərdən biridir, əksər epizodlarda adı keçir.

Şahidlərin bir çoxu təftiş pulunu məhz ona verdiklərini deyiblər. Qeyd edək ki, da təftiş şöbəsinin rəisi polkovnik Rafail Xələfov olub.

Teymur Teymurov məhkəmədə ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edib. Deyib ki, hərbi-hissələrdə apardığı təftiş zamanı pullar verilib. Yığılan vəsait də işlədiyi şöbəyə çatıb.

Proses aprelin 6-da davam edəcək

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər