Şəki Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1984-cü il təvəllüdlü Samir Əliyevin məhkəmə prosesi başa çatıb. Samir Əliyev Qazaxıstan Respublikasında anadan olsa da, sonradan Azərbaycana gəlib. Uzun müddət burada yaşadığı üçün vətəndaşlıq alıb.
Samir Əliyev bundan əvvəldə dələduzluq əməli törətdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum olub, 29 iyul 2011-ci il tarixli hökmlə 1 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 3 min manat cərimə olunub. Həmin il noyabrın 13-də cəzasını başa vursa da, cəriməni ödəməyib. Bununla belə, tanışı Teymur Ağayevlə yeni dələduzluq əməli törədib.
Onlar tamah niyyəti ilə Kamaləddin Əlabbasovu müvafiq səlahiyyətli dövlət orqanlarından xüsusi razılıq (lisenziya) alınmamış "Heydər MM" mühafizə xidmətinin Mingəçevir şəhər filialına rəis vəzifəsinə təyin ediləcəyini vəd veriblər. Həmin filialın açılmasından ötrü lisenziya almaq üçün Daxili İşlər Nazirliyinə və Təhsil Nazirliyinə pul vermək adı ilə Kamaləddin Əlabbasovu aldadıblar və ondan ümumilikdə 23 min 216 manat pul alıblar.
"MMC-nin kapitalı 2 paydan ibarət olub"
Samir Əliyev özünü elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərib ki, 1998-ci ildən Bakı şəhərində Mühafizə Xidmətində mühafizəçi işləyib. Bu xidmət barədə məlumatlı olduğundan 2009-cu ilin mart ayında ayrıca öz rəhbərliyi ilə mühafizə xidməti yaradılması üçün sənədləri toplayıb. Daha sonra "Heydər MM" mühafizə xidməti adı altında fəaliyyət göstərməklə bağlı dövlət qeydiyyatından keçmək üçün Vergilər Nazirliyinə müraciət edib: "3 may 2009-cu ildə Vergilər Nazirliyində qeydiyyatdan keçdikdən sonra "Heydər MM" MMC-nin təsisçisi kimi nizamnamə ilə fəaliyyətimə icazə verilib. Həmin nizamnamədə həmçinin Azərbaycan Respublikasının bölgələri üzrə mühafizə xidmətinin filiallarını açmaq imkanı vardı. MMC-nin nizamnamə əsasında kapitalı 2 paydan ibarət idi.
"Heydər MM" mühafizə xidmətinin rəisi kimi müxtəlif vəzifələrə təyinat edə bilmişəm. 2009-cu ilin yay aylarında Mingəçevir şəhərində Elmir Zeynalovla tanış oldum. Söhbət əsnasında Elmirə "Heydər MM" mühafizə xidmətinin rəisi işlədiyimi, əgər Mingəçevir şəhərində mühafizə xidmətini idarə edə biləcək şəxs varsa, belə bir xidmət yaratmağı düşündüyümü dedim. Söhbətdən bir neçə həftə sonra Elmir zəng edərək belə bir şəxsin olduğunu bildirdi".
"60 nəfər mühafizəçi toplamağı tapşırdım"
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2009-cu ilin iyul ayının axırlarında Mingəçevir şəhərində "Güllü bağ" adlanan ərazidə çayxanada Elmirlə görüşüb: "Onun yanında Teymur, Arif və Fazil adlı şəxslər də vardı. Aralarında əvvəllər tanımadığım bir şəxsi də gördüm. Elmir məni onunla tanış etdi. Həmin şəxsin Kamaləddin Əlabbasov olduğunu bildim.
Söhbət əsnasında Kamaləddinə təşkilatçılığı bacaran bir adam axtardığımı, Mingəçevir şəhərində mühafizə xidməti filialı açmaq istədiyimi bildirdim. Kamaləddin bu işi tam məsuliyyətlə yerinə yetirməyi bacardığını söylədi. Baxmaq üçün məndən vəsiqə istədi, vəsiqəmi göstərdim. Kamaləddinin şəxsiyyət vəsiqəsi və hərbi biletini götürərək özümlə Bakı şəhərinə apardım.
Sonra Kamaləddinin Mingəçevir şəhər "Heydər MM" mühafizə xidmətinin rəisi vəzifəsinə təyin edilməsi üzrə əmr və əsasnaməni ona göndərdim. 60 nəfər mühafizəçi toplamağı tapşırdım. Bundan sonra onunla mütəmadi telefonla əlaqə saxladım.
Danışıq zamanı Kamaləddinə izah etdim ki, hər bir mühafizəçi işə təyin olunarkən xüsusi geyim formasını öz şəxsi hesabına almalıdır. Xüsusi geyim forması 80 manata idi. Bundan başqa, Kamaləddinə dedim ki, Mingəçevir şəhərində təhlükəsizlik xidmətini yaratmaq üçün şəhər icra hakimiyyətinə müraciət etmişəm".
"Təkidlə pulun geri qaytarılmasını istədi"
Samir Əliyev bildirib ki, icra hakimiyyətindən mühafizə şirkətinə yer ayırlması üçün cavab verənə kimi Kamaləddin özünün yeri olduğunu və orda fəaliyyət göstərə biləcəyini deyib: "Həmin yeri təmir etdi, 3 ay ərzində müxtəlif vaxtlarda 40 nəfərin sənədlərini toplayaraq mənə göndərdi. Eyni zamanda mühafizəçilərin xüsusi geyim formaları ilə təmin olunması üçün müəyyən vaxtlarda həmin şəxslərdən pul yığaraq mənə 3200 manat pul yolladı. Mən də 26 dəst xüsusi geyim forması və mühafizə xidmətinin Mingəçevir filialına məxsus möhürü Kamaləddin Əlabbasova göndərmişəm. 14 dəst xüsusi geyim formasını isə daha sonra göndərməli idim.
2009-cu ilin sentyabrında Kamaləddin Əlabbasov zəng edərək işdən imtina etdiyini və mənə verdiyi pulu geri qaytarmağımı istədi. Onunla razılaşdım, 1800 manat Kamaləddinin oğlu Pərvizə dostu Əflatunun vasitəsi ilə göndərdim. Xüsusi geyim formaları üçün aldığım pulun qalan hissəsini isə Teymur Ağayevin verəcəyini bildirdim. Kamaləddin isə təkidlə pulun geri qaytarılmasını istədi.
Bir müddət sonra eşitdim ki, Kamaləddin Əlabbasov şəhər prokurorluğuna müraciət edib. Mən ondan ancaq mühafizə xidmətinin işçilərinə hazırlanmış xüsusi geyim formaları üçün 3200 manat almışam. Həmin puldan 1800 manatını qaytarmışam, qalan hissəni isə Teymur Ağayev qaytaracaq. Kamaləddindən lisenziya almaq üçün nə 20000 manat istəmişəm, nə də bu məqsədlə ondan pul almışam".
"Elmir Samiri mayor, Teymuru isə kapitan kimi təqdim etdi"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Kamaləddin Əlabbasov deyib ki, yaxın dostunun oğlu Elmir Zeynalov ona zəng vuraraq görüşmək istədiyini bildirib: "Mən də Elmirlə görüşməyə razılaşdım. Həmin vaxt Elmir məni Samir, Teymur, Arif, Fazil adlı şəxslərlə tanış etdi. Söhbət zamanı Elmir Samiri mayor rütbəsində "Heydər-MM" mühafizə xidmətin rəisi kimi, Teymuru isə kapitan rütbəsində Samirin müavini kimi təqdim etdi.
Tanışlıq zaman Samir Quba, Qusar, Xaçmaz, Qazax və digər rayonlarda mühafizə xidməti filiallarını açdığını, hazırda Mingəçevir şəhərində həmin təhlükəsizlik xidmətinin filialını açmaq istədiyini, əgər razılaşsam məni Mingəçevir filialına rəis vəzifəsinə təyin edəcəyini, filialın açılmasına isə 20000 manat lazım olduğunu söylədi".
Zərərçəkmiş ifadəsində həmçinin Teymur və Samirə pul verdiyini deyib. O bildirib ki, təqsirləndirilən şəxslər tərəfindən ona 23 min manat ziyan dəyib, onun yalnız 1800 manatı ödənilib. O, dəymiş ziyanın ödənməsini istəyib.
Hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Samir Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib və 3000 manat miqdarında cərimə olunub.
Teymur Ağayevin işi Samir Əliyevin cinayətindən ayrılıb və onun işi ayrıca icraatda araşdırılır. Teymur Ağayev Samir Əliyevin işi üzrə isə şahid qısmındə dindirilib.
Hacı Zeynalov