3 Noyabr 2015 13:38
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada aparılan cihadda İraq Şam İslam Dövlətinin (İŞİD) tərkibində döyüşən Azərbaycan vətəndaşları Bəxtiyar Şahbazi və onun oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məmmədzadə məhkəmə qərarından kasasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsində Teleqraf.com-a verilən məlumata görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə ilkin dinləmə zamanı tərəflərin şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması qərara alınıb.

Buna görə də təqsirləndirilən şəxslər həmin qərardan narazı qalıblar və Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Onlar kasasiya şikayətlərində qeyd ediblər ki, apelyasiya instansiyasında işlərinə məhkəmə istintaqı aparılmaqla baxılması məqsədəuyğundur. Apelyasiya instansiyasında iş dayandırılıb və kasasiya şikayəti üzrə qərar elan edildikdən sonra tərəflərin apelyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Şahbazi 14 il, Bəhruz Şahbazi 12 il, Sadiq Məmmədzadə 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ilə ittiham ediliblər.

İttihama görə, Azərbaycan vətəndaşları Bəxtiyar Şahbazi və onun oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məmmədzadə 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gediblər. Orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçiblər, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrəniblər.

Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər.

Hacı Zeynalov


Müəllif: