29 Oktyabr 2015 12:53
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryu (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul etdi.

Qəbul etdi və öz sözünü dedi.

Prezident bildirdi ki, Ermənistan rəhbərliyi bu gün də öz təxribatlarindan əl çəkmir: “Keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterləri Azərbaycanın mövqelərinə hücumlar edib. Azərbaycan tərəfi bir neçə gün buna cavab verməyib. Nəhayət, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri həyata keçirən Ermənistan silahlı qüvvələrinin hərbi helikopterləri açıq şəkildə mövqelərimizə atəş açmağa cəhd etdikləri zaman məhv edilib”.

Dövlət başçısı daha sonra qeyd etdi ki, bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun ərazimizdə təxribat törətmək cəhdlərinin də qarşısı alınıb və işğalçılar xeyli sayda itki veriblər.

Prezident İlham Əliyev bütün bu təxribatların səbəbkarı kimi Ermənistan prezidenti Serj Sarkisyanın məsuliyyət daşıdığını dedi.

Dövlət başçısı vurğuladı ki, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır və nəticədə mülki əhalimiz arasında itkilər olur: “Azərbaycan tərəfi bu cür təxribatlara cavab verdikdə isə bizi günahlandırırlar”.

Prezident təəssüflə qeyd etdi ki, beynəlxalq ictimaiyyət, xüsusilə də vasitəçilər Ermənistan tərəfinin bu azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermirlər. Azərbaycan prezidenti bildirdi ki, bütün bunlar azmış kimi, bu yaxınlarda diktator Sarkisyan rejimi yeni siyasi təxribata əl atıb, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib: “Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib”.

Dövlət başçısı ATƏT rəsmilərinin nəzərinə çatdırdı ki, bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır.

Dövlət başçısının dediyi kimi, ATƏT həmsədrləri Azərbaycanda uzun müddətdir işləsələr də, bu qurumun özünün də, nümayəndələrinin də hələ ki, müsbət bir addım atdıqlarının şahidi olmamışıq. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adında olduğu kimi, fəaliyyətində heç də təhlükəsizliklə bağlı ciddi işlər həyata keçirməyib və əməkdaşlığa dair məsuliyyət hiss etməyib. Baxmayaraq ki, təhlükəsizliklə məğul olsalar da, hələ də Azərbaycan üçün ən önəmli təhlükəsizlik faktoru olan Dağlıq Qarabağla əlaqədar heç bir addım atmayılblar və yəqin ki yaxın gələcəkdə də belə bir nəticənin olacağına inanmaq ağılsızlıq olardı. Əgər belə olmasaydı, ATƏT bu günə kimi Qarabağla bağlı özünün gücünü ortaya qoyaraq, ilkin nəticələr əldə edə bilərdi.

Ancaq ATƏT-in dişsiz və yararsız bir qurum olduğunu bildiyimizdən, onlardan Azərbaycanla bağlı əməkdaşlıqda ədalətli olacaqlarını da gözləmirik. Çünki ölkəmiz üçün önəmli bir hadisə yaşanan kimi rəsmi Bakı tərəfindən ATƏT-ə əməkdaşlıq əli uzadılsa da, ATƏT tərəfindən buna həmişə əks reaksiya verilib və bu təşkilat Azərbaycanı bəyanat yağışına tutub. Bunu isə əməkdaşlıq adlandırmaq reallıqdan uzaqdır.

Sözügedən qurumun bizə iradları isə həmişə olduğu kimi eyni motivli olur. Belə ki, ATƏT gah Azərbaycanda insan hüquqlarının pozulmasından şikayət edir, gah ölkəmizi söz azadlığını məhdudlaşdırmaqda ittiham edir, gah da “siyası dustaq” məsələsini qaldırır.

Seçkilərlə bağlı ard-arda verdikləri bəyanatlar da həmçinin. Demək ki, Azərbaycan hökumətinə ölkə içində müxalif olanlar kimi beynəlxalq arenada da müxalifətçilk edənlər var ki, bu sırada ilk yerdə ATƏT gəlir.

Bu isə beynəlxalq təşkilatla rəsmi Bakı arasında soyuq küləklərin daha güclü əsməsinə şərait yaradır. ATƏT nümayəndələri bir-birinin ardınca Azərbaycana səfər edirlər. Ölkəmizin gəzməli-görməli yerlərini gəzirlər, mətbəximizdən dadırlar, xalqımızın qonaqpərvərliyini dönə-dönə vurğulayırlar, ancaq iş əsas məsələyə gələndə bəyanat vermədən, irad bildirmədən yollarına davam edə bilmirlər.

Təbii ki, bu da rəsmi Bakı tərəfindən normal qarşılanmır və qarşılana da bilməz. Çünki Azərbaycan hökuməti hər dəfə verilən haqlı iradı yoluna qoymaq üçün nə qədər səy göstərsə də, ATƏT rəhbərləri Azərbaycanla bağlı ikili mövqe nümayiş etdirməkdən usanmır.

ATƏT-in belə mövqe nümayiş etdirməsi isə haqlı sualların yaranmasına şərait yaradır. Necə olur ki, Ermənistanda baş verən insan hüquqlarının pozulması, parlament rəhbərliyinin dövlətin rəsmi binasında gülləbaran edilməsinə, seçkilərdə total saxtakarlığa, rəsmi İrəvanın işğalçı mövqeyinə göz yumulur. Azərbaycana gələndə isə məsələyə köndələn yanaşmalı olurlar.

Eyni zamanda, Gürcüstanla bağlı da ATƏT görməzlikdən gəlmə siyasi kursu yürüdür. Belə ki, Gürcüstanda eks prezident Mixail Saakaşvilinin partiyasının ofislərinə 20-dən artıq basqın olub, nə ATƏT, nə Amerika nə də Avropa bununla bağlı səsini çıxarmır. Halbuki həmin partiya orada ikinci ən güclü siyasi təşkilatdır və parlamentdə özünün fraksiyası da var.

Deməli, ATƏT özünə lazım olan məqamlarda, lazımi rıçaqlardan faydalanmağı özünün prioritet siyasəti elan edib. Əks təqdirdə, qonşuları ilə müqayisədə, Azərbaycana qarşı bu qədər qərəzli təzyiqlərə üstünlük verməzdilər.

İndi isə növbəti parlament seçkisi ərəfəsindəyik. Yəqin ki, ATƏT bu dəfə də yeni alətdən eyni musiqini səsləndirəcəklər. Seçkini müşahidə etməsələr belə...


Müəllif: Vüsalə Hüseynli