18 Aprel 2018 08:42
2 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasında “ABŞ və digər dövlətlərin dostluqdan kənar hərəkətlərinə cavab tədbirləri haqqında” qanun layihəsi hazırlanıb. Layihə mayda müzakirəyə çıxarılacaq. Bəs, bu qanun layihəsinin Rusiya üçün faydaları nədən ibarətdir?

Teleqraf.com xəbər verir ki, layihənin əsas məqsədi Rusiyanın təhlükəsizliyini və maraqlarını, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdır. Qanun layihəsi ümumi tədbirlərin siyahısını müəyyən edir, hökumətə və prezidentə xüsusi müraciətlər üzrə səlahiyyətlər verir.

Cavab tədbiləri hansılardır?

Alkoqol və tütünün, eləcə də texnoloji avadanlıqların idxalının qadağan olunması bu kimi tədbirlər sırasındadır. Əcnəbilərə nüvə və raket sənayesində, təyyarə hazırlanmasında məhdudiyyətlər nəzərdə tutulub. Ancaq bu tədbirlərlə Qərb iqtisadiyyatına ciddi zərbə endirilməyəcək. Məsələ burasındadır ki, Rusiya ABŞ üçün vacib ticarət tərəfdaşı sayılmır. Məlumatlara görə, 2017-ci ildə ABŞ Rusiyaya 300 milyon dollar dəyərində qida məhsulları idxal edib. Bu, ümumi idxalın 2,5 faizi deməkdir.

Məhdudiyyət qoyulacaq məhsullar siyahısına dərman vasitələri də daxil ediləcək. Ancaq hökumət ziyanın qarşılıqlı təsirindən qaçmaq üçün məhdudiyyətlərə sərhəd qoymaq niyyətindədir.

Qərbə sarsıdıcı zərbə vurmaq

Bəs, Qərbə sarsıdıcı zərbə vurmaq və bunun qarşılığında ziyan görməmək üçün hansı addımlar vacibdir?

Rusiya həmişə Qərbə qarşı addımları iqtisadi sahədə atmağa çalışır. Ancaq bu sahədə tərəflərin gücləri eyni deyil. Bütün satış bazarları, dünya valyutası Qərbin nəzarətindədir. Və ən nəyahət, Rusiya hələ də ABŞ hökumətinin qiymətli kağızlarından istifadə edir. Bu vəziyyətdə Qərbə zərbə endirmək mümkün deyil. Rusiya özü zərbə altında qala bilər. Ona görə də ağılla hərəkət etmək vacibdir. Qərbə qarşı alkoqola qadağadan çox, siyasi qarşıdurma və hərtərəfli qarşılıqlı strategiya daha vacibdir. Bu, sovet strategiyasının tərkib hissəsidir. Bu strategiya zamanı Sovet İttifaqı Qərbdəki kommunist müxaliflərə dəstək vermək, problemli nöqtələrə zərbə endirmək və düşmənin əsas zonalarına təsir etməklə Qərb ölkələrini resurslər xərcləməyə vadar etdi.
Rusiya düşmənin zəif nöqtələrini tapmalı və həmin mövqelərə birbaşa zərbələr endirməlidir.

Məsələn, Rusiya Şimali Koreyaya qarşı ABŞ-ın sanksiyalarını dəstəkləməməlidir. Çünki Rusiya və KXDR ABŞ üçün eyni siyahıda yerləşir.

Ancaq bütün bunlardan əvvəl Rusiya aqressiv siyasətlə həll yolunun mümkünlüyü strategiyasını kənara qoymalıdır.


Müəllif: Samir İsayev