19 Mart 2015 16:35
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və yerli QHT nümayəndələrinin iştirakı ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası” və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” sənədlərinin layihəsi müzakirə edilib.

Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müzakirəni açan şura sədri Azay Quliyev sənəd layihələrinin xarici donorların Azərbaycanda fəaliyyətini beynəlxalq hüquq normaları çərçivəsində tənzimləmək və bu yöndə şəffaflığı artırmaq məqsədi daşıdığını bildirib. O, müzakirədə səslənəcək təkliflərin sənəd layihələrinin təkmilləşdirilməsi üçün vacib olduğunu vurğulayıb.

Ədliyyə Nazirliyi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov təqdim edilmiş sənəd layihələrinin “Qrant haqqında” qanun və donorluq fəaliyyətinə aid başqa normativ hüquqi aktlar əsasında hazırlandığını qeyd edib.

Çıxış edən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri – Məhəmməd Quluzadə (Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz), Derek Hoqan (ABŞ səfirliyi), Olli Norojono (Asiya İnkişaf Bankı), Aleksandra Nerisanu (Avropa İttifaqı Bakı Ofisi), Özlem Canel (Hollandiya səfirliyi), eləcə də yerli QHT rəhbərləri Razi Nurullayev, Azər Həsrət, Rufiz Qonaqov, Əliməmməd Nuriyev, Rəfail Becanov, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Sahib Məmmədov və başqaları sənəd layihələri ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

Ədliyyə Nazirliyi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov çıxışlarda səslənmiş təklifləri şərh edərək verilmiş sualları ətraflı cavablandırıb.

Müzakirələrə yekun vuran A.Quliyev sənəd layihələrinin daha da təkmilləşdirilməsi üçün səslənmiş bütün təkliflərin diqqətlə öyrəniləcəyini və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yekun variantın beynəlxalq donor və digər təşkilatlara təqdim ediləcəyini diqqətə çatdırıb.

BƏXTİYAR


Müəllif: