19 İyul 2016 21:24

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə etimadnaməsini Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Hüseynə təqdim edib.

Azərbaycanın Pakistandakı Səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, etimadnamənin təqdimolunma mərasimindən sonra Prezident M.Hüseynlə keçirilən görüşdə səfir Ə.Əlizadə Pakistanda səfir kimi təyinatından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirib.

Səfir Azərbaycan Prezidentinin xoş salam və ehtiramlarını cənab M.Hüseynə çatdırıb, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. Ə.Əlizadə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd ədərək bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan Prezidentlərinin xüsusi rolunun olduğunu vurğulayıb.

Ermənistanın işğal etdiyi qədim Azərbaycan torpaqlarında müsəlman aləminə aid dini abidələrin, məscid və ziyarətgahların dağıdıldığını və təhqirə məruz qoyulduğunu vurğulayan səfir Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının, Xocalı Soyqrımı ilə əlaqədar Pakistan Parlamentinin qəbul etdiyi qətnamə və bəyanatların Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edərək, Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini bildirib. Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayaraq, bu layihələrin gələcəkdə də fond tərəfindən davam etdiriləcəyini bildirib.

Səfiri təyinatı münasibəti ilə təbrik edən Pakistan Prezidenti M.Hüseyn xoş salamlarını və dərin ehtiramlarını Azərbaycan Prezidenti İlham Əliyevə yetirməsini xahiş edərək, Azərbaycan Prezidenti ilə yaxın dostluq əlaqələrinin olduğunu, ölkəmizə yüksək səviyyədə həyata keçirilmiş rəsmi səfərini xatırladıb.

Pakistan Prezidenti Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edərək bu əlaqələrin yaranmasında İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu bildirib.

Pakistan Prezidenti M.Hüseyn iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari, mədəni, elmi, enerji, nəqliyyat və digər əlaqələrin daha da inkişafında və xidməti fəaliyyətində səfir Ə.Əlizadayə uğurlar arzulayıb, Pakistanda özünü öz vətənindəki kimi hiss edəcəyinə inamını bildirib.


Müəllif:
Загрузка...