27 İyun 2014 18:34

Nuşirəvan Məhərrəmli: "Aparıcıların bir çoxu ədəbi dil normalarına riayət etmir"

Dünən Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu tədbir dövlət proqramı çərçivəsində görülən işlərlə əlaqədar keçirilir. Onun sözlərinə görə, bu proqram çərçivəsində Mətbuat Şurası tərəfindən 3 il ərzində monitorinqlər həyata keçirilib:

“Bu monitorinq çərçivəsində Azərbaycan dilinin hansı sözləri qəbul edib- etməməyi və digər məsələlər öz əksini tapıb. Biz bu sahədə işlərimizi davam etdiririk”.

MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli deyib ki, elektron informasiya vasitələrində Azərbaycan dilinin tam tətbiqi əsas məsələlərdən biridir. Onun sözlərinə görə, 2008-ci ildən başlayaraq, Azərbaycan dilinin tam tətbiqi televiziyaların üzərinə qoyuldu: “Burada bir sıra istisnalar vardı, bu da bir sıra verilişlərlə bağlı idi. İkinci tələbimiz isə televiziyalarda bədii şuraların yaradılmasıydı. Bədii şuralar yaradıldı və biz bu qurumlarla görüşlər keçiririk. Bir neçə KİVDF və Milli Elmlər Akademiyanın Dilçilik İnstitunun əməkdaşları ilə birgə televiziyalarda nitq mədəniyyəti, Azərbaycan dilinin normalarının pozulmaması ilə bağlı monitorinqlər apardıq və nəticələri ictimaiyyətə açıqladıq. Bir məqamı da qeyd edim ki, Azərbaycan dili ilə bağlı məsələni xüsusilə mediada ona görə qabardırıq ki, KİV-lər cəmiyyətlə daha çox ünsiyyətdədir və təsir imkanları daha yüksəkdir”.

MTRŞ sədri əlavə edib ki, cəmiyyət ziyalıların arxasınca getməlidir. Onun sözlərinə görə, televiziyalarda bu vəziyyət tamam əksinədir: “Faktiki olaraq, telekanallarda vəziyyət ciddi şəkil alıb. Aparıcıların bir çoxu ədəbi dil normalarına riayət etmir. Bu barədə mühüm addımlar atılmalıdır. Hesab edirəm ki, dil normalarının qorunması üçün bir mexanizm olmalıdır. Amma bu mexanizmin nədən ibarət olacağını indidən deyə bilmərəm”.

N.Məhərrəmli həmçinin əlavə edib ki, başqa dillərdə danışan azərbaycanlıların ana dilini bilməməsi çox təəssüf doğurur. O deyib ki, hətta başqa dillərdə öz ailələrində danışmaları iş prosesində özünü göstərir:
“Bir çox dövlət qurumlarında başqa dillərin istifadəsi nəticə etibarı ilə Azərbaycan dilinin zədələnməsinə, yad sözlərin dilə gəlməsinə gətirib çıxarır. Bu çox təəssüf doğurur, ona görə ki, insanların öz ana dilini bilməməsi özünü bu və ya digər dərəcədə göstərməyə başlayır. Başqa dilləri öyrənmək deyil, amma ana dilini yaddan çıxarmaq olmaz”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli bildirib ki, bir sıra şirkətlərdə, redaksiyalarda dilin normalarını bilmirlər. Onun sözlərinə görə, bu səbəbdən də orfoepik, orfoqrafik, leksik qaydalar pozulur: “İkinci problem rus dilindən dilimizə keçən sözlərlə bağlıdır. Bu məsələdə nə jurnalistlər, nə redaktorlar günahkar deyil. Problemin həllinin dilçilər həll etməlidir. Ona görə də bu məsələdə kompleks işlər həyata keçirilməlidir”.

Prezident yanında KİV-ə Dəstək Fondunun sədri Vüqar Səfərli deyib ki, Azərbaycan ədəbi dilinin normaları hər addımda pozulur. O, xüsusən telekanallarda dil normalarını kobud şəkildə pozulduğunu diqqətə çatdırıb: “Tərəfimizdən bunu aradan qaldırmaq üçün treninqlər keçirilib. Ana dilinin normalarının pozulduğu qəzetlərin adı çəkilsə, daha yaxşı olardı. Bu müzakirə olunub, müəyyən nəticələri əldə edə bilərik”.

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Ə.Amaşov deyib ki, bu gün dil normalarına daha çox rəsmi qəzetlər əməl edir. Onun sözlərinə görə, digər qəzetlərdə bu maliyyə imkanları ilə bağlıdır.

CASCFEN sədr Azər Həsrət telekanalları tənqid edərək deyib ki, ATV-də coğrafi adlar aparıcılar tərəfindən səhv deyilir. O daha sonra əlavə edib ki, ANS-də məhz rusdilli şəxsləri tapıb danışdırırlar: “Məgər Azərbaycan dilində vətəndaşlarımız yoxdur. Bütün bu səhvlər nədən irəli gəlir bilmirəm. Eləcə də, teleseriallarda tində dayanıb siqaret çəkən insanların dili ilə danışırlar. Axı bu xalqın dili deyil”.
A.Həsrət bildirib ki, telekanallara sadəcə savadlı insanları cəlb etmək lazımdır. Onun sözlərinə görə, gənclər yetişdikdən sonra aparıcılığa cəlb edilməlidir.

BƏXTİYAR


Müəllif:
Загрузка...