2 May 2014 12:07
1 036

Yusif Bağırzadə: “Milli Şuranın bələdiyyə seçkilərə gedəcəyinə inanmıram”

Ötən gün AMİP sədri Yusif Bağırzadənin sədrliyi ilə Demokratik Qüvvələr Birliyinin (DQB) növbəti iclası keçirilib. Toplantı barədə mediaya qısa məlumat verilib. Xəbərə görə, iclasda regionda geopolitik vəziyyət, Ukrayna böhranı və onun Azərbaycana təsiri, ölkədə demokratiya və insan haqları ilə bağlı yaranmış mövcud durum əsas müzakirə mövzusu olub. Quruma daxil olan partiya sədrləri hər iki mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıb, yaranmış situasiyadan narahat olduqlarını bildiriblər.

Yusif Bağırzadə ilə əlaqə saxlayıb qurumun bələdiyyə seçkiləri ilə bağlı atacağı addımlar barədə soruşduq. O söylədi ki, qurumda sədrlik rotasiya qaydası ilə həyata keçirilib: “Bu dəfə iclasa mən sədrlik etdim, ictimai-siyasi vəziyyət, cari məsələlərə baxıldı”.

O bildirdi ki, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan toplantıda iştirak etmədiyindən bələdiyyə seçkiləri barədə gələn iclasda geniş müzakirə aparılacaq: “Növbəti iclası DQB-nin perspektivinə həsr edəcəyik. Çox istərdik ki, DQB seçkiyə blok şəklində qatılsın. Bilirsiniz ki, bizim qurumun üzvü olan partiya sədrləri var ki, həm də Milli Şurada təmsil olunur. Əgər DQB blok formasında bələdiyyə seçkilərinə qatılsa, həmin partiyalar ya bizimlə birlikdə, ya da Milli Şura ilə getməlidir. Amma Milli Şuranın bələdiyyə seçkilərə gedəcəyinə inanmıram”.

AMİP sədri vurğuladı ki, partiyaların özləri də seçkilər barədə daxildə müzakirə keçirməlidir: “Ola bilər ki, sabah AMİP-də səsvermə keçirələr və qərar verilər ki, partiyamız seçkiyə tək gedir. Yaxud qərar ola bilər ki, blok şəklində qatılacağıq. Biz seçkiyə güclü hazırlaşırıq. Prezident seçkilərinə pafos xatirinə seçkiyə getmək istəmədik, çünki bu, siyasi düşüncəyə xələl gətirir, AMİP düzgün yol seçməyi üstün tutur”.

Y.Bağırzadə əlavə etdi ki, DQB yaxın vaxtlarda geopolitik vəziyyətlə əlaqədar, Ukraynadakı hadisələrin Azərbaycana təsiri ilə bağlı dəyirmi masa keçirəcək: “Ukrayna hadisələri Dağlıq Qarabağ münaqişəsinin kontekstə salınmasına əsas verir. Ukrayna hadisələri göstərdi ki, Azərbaycan, doğrudan da, xarici siyasətini çox düzgün qurub. Bir tərəfdən Avropaya inteqrasiya xətti götürülüb. Avropa İttifaqının ”Şərq tərəfdaşlığı" proqramında iştirak edirik, digər tərəfdən isə əsas qonşularımızla münasibətləri korlamırıq. Qarabağ probleminin sülh yolu ilə həll edilməsi istiqamətində addımlar atılır. Hökumətin bu xətti təqdirəlayiqdir. Dağlıq Qarabağ və onun ətrafında yaşayan azərbaycanlıların hüquqları pozulub və bu məsələlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Vaxtında beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, Ermənistanı təcavüzkar kimi qeyd etsəydi və həmin torpaqların, doğrudan da, Ermənistan qoşunları tərəfindən işğalını gündəmə gətirsəydi, sonradan Dnestryanı, Abxaziya, Osetiya, Krım məsələləri olmazdı".

Partiya sədrinin fikrincə, konfliktoloji məsələlərində Dağlıq Qarabağ münaqişəsi müstəqil dövlətlər içərisində birinci meydana gəlib: “Ancaq ölkəmiz Gürcüstanın, Moldovanın, Ukraynanın gününə düşmədi. O ölkələrin ağır vəziyyətini biz yaşamadıq. Ukrayna hadisələri də onu göstərdi ki, münaqişə öz həllini tapmalıdır. Biz Qarabağ məsələsini gündəmdə saxlayırıq. Avropa İttifaqının parlamentinin böyük fraksiyası var, o, Avropa Xalq Partiyasıdır. Avropa İttifaqında olan bütün məsələlər gündəmə 3-4 fraksiyası tərəfindən çıxarılır. Onlardan biri də Avropa Xalq Partiyasıdır. Orada AMİP də, YAP da müşahidəçi qismində iştirak edir. Mayın 25-26-da Avropa İttifaqının parlamentinə komissarların seçilməsi ilə əlaqədar seçkilər keçiriləcək. Həmin seçkilərdə sağçıların seçilmə şansları daha böyükdür. Jan-Klod Yunker Avropa Komissiyasının prezidentliyinə seçilsə, biz partiya olaraq Dağlıq Qarabağ məsələsini gündəmə gətirə biləcəyik”.

NƏRGİZ


Müəllif: