23 İyul 2014 20:59
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın məşhur estrada və opera müğənnisi,xalq artisti Flora Kərimovanın doğum günüdü.

1941-ci il iyulun 23-də Bakıda anadan olan müğənni 14 yaşından bədii öz fəaliyyət kollektivlərində, Tibb İnstitutunun “Çinar” ansamblında, Dövlət Filarmoniyasında çıxış edib. O klassik Avropa operası, milli Opera janrı, xalq mahnıları , bəstəkar mahnılarının , klassik art-estrada janrlarının ustad sənətkarı, Azərbaycan klassik art-estrada janrının banisidir.

Əsrarəngiz səsi, bəşər tarixində dörd (4-cü) oktavanı aşan nadir müğənnilərdəndir. Oxuduğu mahnılara qarşı çox məsuliyyətlidir. Deyir, həmin mahnıları başqa tərzdə görəndə mənən sınır: “Oxusunlar, hətta boş hissiyyatla oxusunlar, eybi yoxdur, amma onun kantasını dəyişəndə, mənə çox ağır gəlir. O zaman elə bil dünyaya şikəst bir övlad gətirirəm. Ona görə yalvarıram, belə bir şey görsəniz, o adamın üzünə vurun ki, belə ifa olmaz. Məni heç nə sındırmır, bircə musiqimi bu halda görməyim... Çünki o həm də bəstəkarın ruhudur. Eminin, Oqtay Kaziminin mahnısına müdaxilə etmək mümkün deyil. Ona ancaq ürək lazımdır ki, oxuyasan”.
Xalq artisti doğum günü ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

-Flora xanım, bu gün yenə də doğum gününüzü qeyd etməyəcəksiniz?
-Bəli, Ağdamın işğalı günü olduğuna görə yenə doğum günümü qeyd etmirəm. Nəvəm yanıma gələndə, iyul ayının ya 22-i, ya da 24-ü yığışıb qeyd edirdik. Amma bu il onlar gələ bilmədilər. Ona görə də bu il ümumiyyətlə,qeyd etməyəcəm.

-Yəqin, zəng edib, təbrik edənlərin sayı-hesabı olmaz?..
-Elədir, həddən artıq çox təbrik zəngləri gəlir. Hətta onu deyim ki, iki gün bundan öncədən təbrik zəngləri başlayıb. Çox sağ olsunlar ki, yadlarındançıxarmayıblar.

-Sizə daha çox nəyin hədiyyə edilməsinixoşlayırsınız?
-Mən hədiyyələrə çox biganəyəm. Hədiyyə kimi gül dəstəsini qəbul etmirəm. Çünki gül dəstəsi qadın üçün çox azdır. Qadının ömür boyu yadında qalacaq nələrsə hədiyyə etmək lazımdır. Demirəm, bahalı hədiyyələr olmalıdır, əsas odur ki, yadda qalsın.

-Bəs zinət əşyalarını necə sevirsiniz?
-Zinət əşyalarını hər bir qadın kimi xoşlayıram. Amma gördüyünüz kimi zinət əşyalarından istifadə etmirəm. Etsəm də çox nadir hallarda, çünki aludə deyiləm.

-Sonuncu dəfə sizinlə danışanda demişdiniz ki, sizə 20-yə yaxın yeni mahnı təqdim ediblər. Oxuya bildinizmi həmin mahnıları?
-Əməliyyat olunduğuma görə bir müddət mənə oxumaq olmaz. Amma inanın, neçə bəstəkar mənə mahnı verib, hələ o mahnılara yaxın dura bilməmişəm. Bir müddət keçsin, əmin olun ki, o mahnıların hamısını oxuyacam.

-Telekanalların sizə qarşı olan qadağalarına son verildimi? Yoxsa davam edir…
-AzTV, Space, Lider telekanallarında qadağadayam. Yalnız ANS və Xəzər TV məni efirə çağırır. Yubiley tədbirlərində, hər hansı konsertlərdə ifam olan zaman isə ATV həmin hissəni kəsmir. Hansısa səbəblərə görə hərdən ekranda görünürəm, hərdən görünmürəm. Amma mediaya borcluyam, çünki siz qoymadınız mən gözdən düşəm. Siz mənə insani yanaşdınız, tələsmədiniz. Kimlərəsə inanıb məni çırpmaq istəmədiniz. Xalqımda məndən üz döndərmədi, məni sevdi, qiymətləndirdi.Xoşbəxtəm ki, sizlərin, bu millətin yaddaşından çıxmıram. Vay o gündən ki, gözdən düşüm. Allah o günü mənə qismət eləməsin.

-Sizi sevinlər soruşur ki, Flora xanım nə vaxt konsert verəcək?
-Bir zamanlar konsertimin olmasını çox istəyirdim. Amma o sponsordan asılı idi. İndiyə qədər olmadı, daha həvəsdən düşmüşəm. Bilirsiniz, indi fikrim bununla məşğul deyil.

Nərmin Muradova


Müəllif: