20 Fevral 2018 08:46
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Saakaşvili ilə görüşə bilməsəm də, dünən onunla telefon vasitəsilə əlaqə saxlamışıq. Axşam Saakaşvili Münhendə idi, bu gün isə Amsterdama qayıtmalıdır.

Bu fikirləri Teleqraf.com-a Ukraynadan readmissiya edilən sabiq Gürcüstan prezidenti və Odessa qubernatoru Mixail Saakaşvilin Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov deyib.

Süleymanov bildirib ki, Saakaşvilinin Ukraynadan çıxarılmasına baxmayaraq, ciddi planları var:

“Onun bütün planları Ukrayna ilə bağlıdır. Sabiq prezidentin Gürcüstanla əlaqəli heç bir planı yoxdur. Gürcüstanda onun lideri olduğu partiya var, bu partiyanın liderləri və parlamentdə fraksiyası var. Amma onun bütün siyasi fəaliyyəti Ukrayna ilə bağldır. Saakaşvili qanuni yolla Ukraynaya qayıtmaq istəyir. Üstəlik ukraynalılara söz verib ki, qısa müddətə ölkəyə qayıdacaq”.

Fevralın 18-də Ukraynanın 26 şəhərində mitinqlər keçirildiyini xatırladan Azər Süleymanov əlavə edib ki, bu aksiyalarda 100 mindən çox insan iştirak edib:

“İnsanlar küçələrə tökülərək Poroşenkonun siyasətinə qarşı çıxdı. Digər maraqlı məqam odur ki, dünən Saakaşvili Münhen Təhlükəsizlik Konfransında çıxış etdi, bəyanatlarını səsləndirdi. Bu gün Ukraynada zaman Poroşenkoya qarşı işləyir. Qısa vaxtda Ukraynada böyük dəyişikliklər baş verəcək. Güman edirəm ki, bu böyük dəyişikliklər yaz mövsümündə müşahidə olunacaq. Saakaşvili də buna hazırlaşır. İndi əsas məsələ Saakaşvilinin qanuni yolla Ukraynaya qayıtmasıdır. Dünənki mitinqlər göstərdi ki, Saakaşvilinin özü Ukraynada olmasa da, onun partiyası küçələrə 100 mindən artıq insan çıxarıb. Üstəlik Ukrayna hakimiyyəti yolları, küçələri, metroları bağlasa da, bu, dinc aksiyaların qarşısını ala bilmədilər. Bu Saakaşvilinin Ukraynadakı gücünü göstərir”.

Süleymanov qeyd edib ki, Ukrayna Prezidenti Poroşenko Münhen Təhlükəsizlik Konfransında iştirak etsə də, onu qiymətləndirən olmayıb:

“Avropa liderləri Poroşenkoya qiymət vermədi. O yürütdüyü siyasətə, korrupsiyaya və islahatlar aparmadığına görə tənqidlərə məruz qaldı. Hətta prezident çıxış edən zamanı avropalılar zalı tərk etdi. Axşam saatlarında isə bəzi Avropa liderlərinin Mixail Saakaşvilini axşam ziyafətinə dəvət etməsi, Poroşenkonun da orada olması maraqlı məqam idi. Bu, artıq kimin dəyərli olduğunu açıq göstərir”.


Müəllif: Cavad