23 May 2018 21:13
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında baş tutan görüşə dəstək verməyəcək.

Teleqraf.com xəbər verir ki, politoloq Elşən Manafov belə düşünür.

Politoloq qeyd edib ki, Britaniyanın ABŞ-ı dəstəkləməsi Rusiyaya qarşı sanksiyaların effektini artıra bilməyəcək.
“Fransa prezidenti Makron və Almaniya kansleri Merkel də, Rusiyaya qarşı sanksiyaların onların maraqlarına cavab vermədiyini açıqladılar. Hətta, Merkel Soçidəki sonuncu görüşündə Putini rus dilində salamladı. Bu, Almaniyanın Rusiyaya olan xoş niyyəti kimi qiymətləndirilir. Fransanın energetika naziri isə bildirdi ki, uzun müddət ABŞ-ın yürütdüyü siyasətin yedəyində getmək fikrində deyillər. Son zamanlarda Makron da, anti-Amerika mövqeyini açıq formada büruzə verir.
Bu baxımdan, Tereza Mey və Tramp arasında əldə edilən anlaşma ABŞ-ın maraqlarına cavab versə də, Avropa İttifaqının buna dəstək verəcəyini düşünmürəm. Hər halda Avropa İttifaqı Britaniyanın bu birlik adından çıxış etmək səlahiyyətinin olmadığını bilir. Üstəgəl, Merkelin Putinlə görüşündən sonra Almaniya məlum qaz kəmərləri ilə bağlı mövqeyini açıqladı. Əsas məqsəd Rusiyanın “Baltik-2” qaz kəmərinin çəkilməsinin qarşısını almaqdır”.

Elşən Manafov hesab edir ki, əgər bu kəmərin çəkilməsi baş tutsa, Putin Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatlara başlaya bilər: “Hazırda Rusiya Ukraynanın nazı ilə ona görə oynayır ki, qaz kəmərləri bu dövlətin ərazisindən keçir. Hər halda yaxın gələcəkdə Britaniya – ABŞ və Rusiya münasibətləri ətrafında baş verən proseslərdə daha gərgin anlar yaşanacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu