2 May 2014 11:31
747

ANS ÇM- radiosunda hər şənbə erməni mahnıları səsləndirilir. Movqe.az xəbər verir ki, hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən «Qafqaz top 20» musiqili verilişində mütəmadi olaraq erməni müğənnilərin mahnıları səsləndirilir. Mahnını təqdim edərkən aparıcı aşağıdakı fikirləri ifadə edib:

«Qafqaz respublikalarından biri də Ermənistandır. Qafqaz adı gələndə bu ölkəyə aid mahnını çarxımıza daxil etməyə bilməzdik. Hər halda obyektivliyi qorumaq lazımdı. Digər tərəfdən isə biz çalışırıq ki, ümumiyyətlə musiqidə, mədəniyyətdə sərhəd qoymayaq. Beləliklə də, Ermənistanın və Azərbaycanın Dağlıq Qarabağ ərazisinin sakinlərinin ən çox dinlədiyi Markos və onun "Yari jantues" mahnısı …».

Milli Televiziya və Raido Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi ilə bağlı Şuranın rəhbərliyinə arayış hazırlanaraq təqdim edilib: "ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib. Qanuna müvafiq şəkildə tədbirlər görüləcək".

ANS rəhbərinin müşaviri Mais Məmmədov Publika.az-a açıqlamasanda məsələyə belə aydınlıq gətirib: "Nə olsun ki, bir dəfə erməni mahnısı oxutmuşuq, ona qalsa İrəvanda da hər gün Azərbaycan mahnıları oxudurlar. Hələ mahnı bir tərəfə, millət Ermənistana gedib-gəlir, dünyadan xəbəriniz yoxdur. İstəməyən qulaq asmasın, soyuq su içsin".

Mais Məmmədov məsələ ilə bağlı onu da qeyd edib ki, MTRŞ bu işdən narazıdırsa məktub yazıb əsaslanıdırsın.

***

“ANS rəhbərliyi qanunverciliyin nə olduğunu bilmir. Onlar yalnız özlərinə lazım olanda qanunvericilikdən, vətənpərvərlikdən danışırlar”.

Bu sözləri Aktual.az-a Milli Televiya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qurumun ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsi ilə bağlı açıqlamasına ANS rəhbərliyinin verdiyi sərt cavaba münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ermənilərin işğalçılıq siyasətinin qurbanı olan Azərbaycan xalqına qarşı bu hörmətsizlik qəbuledilməzdir: “Bu həssas məsələyə hər bir insan diqqətlə yanaşmalıdır. Yəni belə məsələlərdə insanların hissiyyatı nəzərə alınmalıdır”.

Milli Televiziya və Radio Şurasının sədrinin fikrincə, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsinə qurumun irad bildirməsinə ANS rəhbərliyinin cavabı heç bir məntiqə sığımır: “Bilirsiz, onların məntiqi ilə yanaşsaq, deməli onda gərək Azərbaycanda erməni filmləri də göstərilsin, malları da satılsın”.

Xatırladaq ki, ANS ÇM radiosunda "Qafqazın TOP-20 mahnısı” adlı verilişdə erməni mahnısı səsləndirilməsinə MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirilib: "ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib"​

Buna cavab olaraq ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov deyib ki, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsində hər hansı problem yoxdur: “Ona qalsa İrəvanda da hər gün Azərbaycan mahnıları oxudurlar. Hələ mahnı bir tərəfə, millət Ermənistana gedib-gəlir, dünyadan xəbəriniz yoxdur. İstəməyən qulaq asmasın, soyuq su içsin”.


Müəllif: