17 May 2016 19:25
513

Məlum olduğu kimi, Bakının qədim məhəlləsi olan “Sovetski”də söküntü işləri aparılır. Ərazidə sökülən fərdi evlərlə yanaşı, tarixi binalar da var.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Teleqraf.com-a müsahibə verib.

-Zakir müəllim, “Sovetski”də neçə tarixi abidə var?

-“Sovetski” böyük bir ərazini əhatə edir. Paytaxtda nəqliyyat-yol kommunikasiya xətlərinin genişləndirilməsi ilə əlaqədar Nərimanov, Azərbaycan prospektləri, eləcə də Tolstoy və Əli bəy Hüseynzadə küçələri ətrafındakı binalar sökülür. Həmin ərazidə 171 tarixi abidə var. Onlardan 76-sı Nazirlər Kabinetinin qərarı ilə sıyahıdan çıxarılıb. Yəni, həmin binalar artıq tarixi abidə sayılmır.

Müəyyən söküntü işləri gedən zaman Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının müraciətləri əsasında Nazirlər Kabineti bəzi tarixi abidələri sıyahıdan çıxara bilər. AMEA-nın təklifinə görə, daha 23 abidənin siyahıdan çıxarılması gözlənilir.

-Həmin tarixi binalar nə üçün siyahıdan çıxarılmalıdır? Bəs siyahıdan çıxarılmış tarixi abidələri qoruyub saxlamaq mümkün deyilmi?

-Hökumət qərar verirsə ki, 76 bina siyahıdan çıxarılsın, həmin ərazidə yol salınır, biz bu işi görməyə məcburuq. Siyahıdan çıxarılmış tarixi abidələri saxlamaq heç cür mümkün deyil. Biz abidələri sizdən az sevmirik, ancaq insanların şəraitini də düşünmək lazımdır. Əgər sakinlərin rahatlığı üçün yol salınırsa, hökumət də bu istiqamətdə müvafiq qərar verir.

Bir vaxt qərar verilib bina tarixi abidələr siyahısına alınırsa, eləcə digər qərarla həmin bina siyahısından çıxarıla bilər. Söhbət şəhərin inkişafından gedir, paytaxtın yolu rahat olmalıdır. Kimsə istəməz ki, tarixi bina sökülsün, amma daha vacib məsələlər var. Bu proseslər bu gün bu səbəbdən baş verir.

Həmin binaların sökülməsi o demək deyil ki, orda kiməsə villa tikiləcək. Sadəcə ərazi təmizlənir, yol salınır ki, insanlar şəhərin bir başından digər hissəsinə maneəsiz, rahat şəkildə gedə bilsinlər.

-Ümumiyyətlə, Azərbaycan ərazisində siyahıya alınmış nə qədər tarixi abidə var?

-2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində 6308 bina tarixi abidə kimi siyahıya alınıb. Bakı şəhərində isə 1956 tarixi abidə var. Qeyd edim ki, 2001-ci ildə tərtib olunmuş siyahıda da yanlışlıqlara rast gəlinir. Abidə var, səhvən siyahıya salınıb, yaxud elə bina var, siyahıya daxil edilməyib. Siyahı o zaman tələsik işlənib.

Heç olmayan bina adları var ki, 2001-ci ildə siyahısındadır. 2001-ci ildə siyahı hazırlanarkən 1988-ci ildə tərtib olunmuş sıyahıdankı tarixi abidələr ora köçürülüb.

Siyahını Azərbaycan Milli Elmlər Akademiyası, Əmlak Komitəsi ilə birlikdə yenidən araşdırırıq. Yeni siyahı 2016-2017-ci ildə hökumətə təqdim olunmalıdır.

-Siyahının hazırlanması gecikmirmi?

-Hazırda ölkədə küçə adlarının dəyişməsi prosesi gedir. Bu məsələ bizim işimizi yubadır. Yoxsa proses çoxdan başa çatmışdı və yeni siyahı hökumətə təqdim olunmuşdu.

-“Sovetski”də səhvən siyahıya salınan tarixi abidələr varmı?

-Bəli. “Sovetiski”də tarixi əhəmiyyəti olmayan binalar siyahıya salınıb.

-Müddətini başa vurmuş tarixi abidələri xilas etmək mümkündürmü?

-Bəzi tarixi abidələrin köklərini tapa bilmirik. Hansı abidələri saxlamaq mümkün olursa, onu xilas etməyə çalışırıq. Amma elə bina var ki, çöküb. O abidəni necə saxlayaq?

-Tarixi binaları yenidən təmir etmək olmaz?

- Sovet vaxtı tarixi binalar insanların istifadəsinə verilib və onlar məhvə sürüklənib. Sadəcə xarici görkəmi qalıb. Tarixi abidələrin bərpası zərgər işi kimidir. Çətin və xərc tələb edən prosesdir. Hazırda dünyada maliyyə böhranı var. Ölkə ərazisindəki 6308 abidəni bərpa etmək qeyri-mümkündür.

-Bütövlükdə ölkədə tarixi abidələrin vəziyyəti necədir?

-Azərbaycan tarixini həm dövlət, həm də insanlar qorumalıdır. Bu, hər birimizin borcumuzdur. Amma hər binanın da yaşama müddəti var. Bugünkü gün Azərbaycanda bəzi tarixi abidələrin yaşı çoxdur, onlar iflic vəziyyətdədirlər. Xaricdə tarixi abidələr hansı məqsəd üçün tikilibsə, indi də həmin məqsədə xidməti göstərir.

Amma bizim bəzi tarixi binalar öz əhəmiyyətini itirib. Abidələr, məscidlər, hamamlar öz xidmət istiqamətini dəyişib. Məsələn, məscid qaz idarəsi kimi fəaliyyət göstərir. Kilsə vardı, ondan anbar kimi istifadə olunurdu. İstiqamətini dəyişən zaman binanın içərisinə müdaxilələr edilib və həmin bina faktiki məhv olub.

-Binanın tarixi əhəmiyyəti hansı kriteriyalarla müəyyənləşir?

-Onun tikilmə tarixi, memarlıq xüsusiyyəti, görünüşü və sair həmin kriteriyalara daxildir.

-Zakir müəllim, tarixi abidlər qanunla qorunur. Bəs indi necə olur, hansı əsasla tarixi binalar siyahıdan çıxarılır və sökülür?

-3 il bundan əvvələ qədər qanun heç bir tarixi abidənin sökülməsinə icazə vermirdi. Sonra qanun dəyişdirildi, dövlət və ictimai əhəmiyyətli layihələrdə həmin binaların sökülməsinə qərar verilə bilər. Vaxtilə tərtib edilən siyahılarda o qədər əhəmiyyətsiz abidə adları salınıb ki... Ancaq bu o demək deyil ki, kimsə özbaşına tarixi abidəni söküb istədiyini tikə bilər.

-Hazırda neçə tarixi muzeydə yenidənqurma işləri aparılır?

-İncəsənət muzeyinin daxilində bərpa işləri gedir. Bərdədə “Allah-Allah” türbəsində bərpa işlər görülüb. Demək olar ki, bina çökmüşdü. Onun üstünə 50-ci illərdə ermənilər tərəfindən betondan kümbəz düzəldilib ki, türbə tamam çöksün. Bizim arxivlərdə türbə ilə bağlı bir şey tapa bilmədik ki, öyrənək görək onun ilk vəziyyəti necə olub. Layihəni hazırlamaq üçün İrana müraciət etdik. Layihə 1 ilə başa gəldi.

Bundan başqa, Lənkəranda dairəvi qala-abidə var idi. Sovetlər zamanı ayaqqabı fabriki kimi fəaliyyət göstərib. Ondan əvvəl həbsxana olub. Unikal tarixi abidədir. Binaya qeyri-professional yanaşılıb və tarixi əhəmiyyətini itirib.

-Tarixi abidələrlə bağlı monitorinqlər aparılırmı?

-Bakı şəhəri üzrə tarixi abidələrin monitorinqi tamamlanmaq üzrədir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni qurumdur. 2015-ci ilin yanvar ayından Bakı şəhərində monitorinqlər aparılmağa başlamışıq və hazırda başa çatmaq üzrədir. Şəmkir, Gəncə bölgələrində monitorinqlər davam edir. Yeni tarixi abidələrdə aşkarlanıb. Proses başa çatdıqdan sonra bu ilin sonunda Milli Elmlər Akademiyasına müzakirə üçün göndəriləcək. Onlar rəy verdikdən sonra məlumat açıqlayacağıq.

-Hansı muzeylər YUNESKO-nun siyahısına salınacaq?

-Əvvəlcə problemli abidələri normal vəziyyətə gətirməliyik.

İlhamə ƏBÜLFƏT


Müəllif: