23 May 2018 10:59
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanımış hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun barəsində başlanan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Teleqraf.com xəbər verir ki, vəkilin özü bu barədə sosial şəbəkədə paylaşıb.

Qeyd edib ki, bu dəfə özü barəsində Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə başlanılan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail olub: “Uzun çəkən mübarizəm və prinsipial mövqeyim uğurlu nəticələndi.

Cinayət işinin başlanmasına səbəb 29 iyun 2015-ci il tarixdə guya “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döyməyim olub. Habil Vəliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində vaxtı ilə həmin dövrdə yüksək vəzifə tutan havadarlarının köməkliyi ilə mənim həbs olunmağıma az qala nail olmuşdu. Hətta barəmdə məcburi gətrilmə qərarı belə çıxarılmışdı”.

Adəm Məmmədov bildirib ki, həmin dövrdə ədliyyə naziri Fikrət Məmmədov onu qəbul etdikdən sonra barəsində aparılan qərəzli cinayət işinin icraatı bu yaxınlara kimi dayandırılıb: “Ən dəhşətlisi isə vaxtilə birlikdə çalışdığım (paqon yoldaşlarım) və Yasamal rayon icra şöbəsinin əməkdaşları göstəriş əsasında əleyhimə ifadə verməkləri idi”.

Qeyd edək ki, Adəm Məmmədov son bir neçə ildə vəkillik fəaliyyəti dövründə ən çox bəraət alan vəkillər sırasındadır.

Adəm Məmmədov əvvəlki illərdə və bu il ərzində ən çox bəraət alan vəkil kimi Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən mükafatlandırılıb.


Müəllif: Hacı Zeynalov