8 İyul 2015 18:43

Təqsirləndirilən şəxs: "Fikirləşdim ki, ziyarətə getdi, hicab bağlayır, daha köhnə əməllərindən əl çəkər"

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən İlham Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, bu ilin yanvarın 26-da Nərimanov rayonunda 1971-ci il təvəllüdlü İlham Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Süleymanovanın başını kəsərək qətlə yetirib.

Hadisəni törədən İlham Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub. Qətl hadisəsi törədən Bakı Metropolitenində elektrik-mexanik işləyib.

"Üç övladım olduğu üçün Məhəbbəti bağışladım"

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə İlham Süleymanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 1996-cı ildə Məhəbbətlə ailə həyatı qurub. 1997-ci ildə böyük oğlu Fariz, 1999-cu ildə ikinci oğlu, 2005-ci ildə isə yenə bir qızı dünyaya gəlib.

İlham Süleymanovun sözlərinə görə, Məhəbbətlə ailə həyatı quranda Suraxanı rayonunda yaşayıb. 2000-ci ildə Suraxanıda olan evlərini satıblar və Nərimanov rayonuna köçüblər: "2003-cü ilin əvvəllərində Məhəbbətin əlində telefon gördüm. Həmin telefona baxanda sevgi mesajları var idi. Həmin vaxt Məhəbbət səhv etdiyini bildirdi və üzr istədi. Üç övladım olduğu üçün Məhəbbəti bağışladım".

"Gecə yarısı telefonuma gizli nömrədən zəng gəldi"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildə Sabirabad rayonundan olan Zaur və onun həyat yoldaşı Səkinə onların evlərində kirayə qalıb: "Bir qədər sonra onlarla ailəvi dostluq etməyə başladıq. Zaur Məhəbbətə "bacı" deyirdi. Bir neçə vaxtdan sonra Zaurgil bizim evdən ayrıldı. Amma onlarla dostluğumuz, gediş-gəlişimiz qalmışdı. Biz onların rayonuna getmişik, onlarda qonaq qalmışıq. Amma bir müddət keçəndən sonra Zaurla Məhəbbətin yaxın münasibətləri olmasından şübhələnməyə başladım".

İlham Süleymanov bildirib ki, 2010-cu ilin sonlarında Zaur onlara gəlib və 2 ay onlarda qalacağını deyib: "Bu zaman razı olmadım və Məhəbbətin üzünə baxdım. Məhəbbət hərəkətlərimdən narazı göründü. Bundan sonra Məhəbbətdən daha da şübhələnməyə başladım. Gecə vaxtı evdə olduğum zaman telefonuma gizli nömrədən zəng gəldi. Zəng edən kişi bildirdi ki, qızı evdə incitmə və daha sonra telefonu söndürdü.

Bildim ki, evdə olan söz-söhbətləri Məhəbbət kiməsə deyir. Səhəri gün Məhəbbətin atası Nərimanı və qardaşı Akifi çağırdım. Onlara Məhəbbətin hərəkətlərini danışdım. Onun mənə xəyanət etdiyini, Zaurla gəzməsindən şübhələndiyimi bildirdim. Akif də Zauru söhbətə çağırdı və mənim şübhələrimi danışdı. Zaur bildirdi ki, Məhəbbət onun bacısıdır, onunla aralarında hər hansı münasibətin olmasından söhbət gedə bilməz. Bundan sonra söhbət bağlandı".

"Dedi ki, arvadından ehtiyatlı ol"

İlham Süleymanov deyib ki, Məhəbbətin ona xəyanət etməsi fikrindən çıxmayıb və onun hər addımını izləməyə başlayıb: "Bir gün evə gələndə həyətdə Zauru gördüm. Zaur da, Məhəbbət də məni görən kimi tutuldular. Məhəbbət bildirdi ki, Zaurun bizim həyətdə kirayədə yaşayan İradəyə pul borcu olub, həmin borcu gətirib.

Daha sonra Zaur getdi. Mən İradədən məsələni soruşdum. İradə dedi ki, mənlik heç bir pul söhbəti olmayıb, heç kimdən də borc almamışam. Daha sonra İradəni və onunla birlikdə qalan ailə üzvlərini kirayədə qaldıqları evdən çıxardım. İradə gedəndə mənə dedi ki, arvadından ehtiyatlı ol. Başqa heç bir söz demədi".

"Oğlum dedi ki, anamı başqası ilə telefonla danışarkən tutmuşam"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ilin yayında rayonlardan birinə gedərkən yolda maşında nasazlıq yaranıb: "Maşının akkumulyatoru öldüyü üçün işıqları sönməyə başladı və buna görə də rayona getmədim. Geri qayıtmaq istəyərkən Saray postunda polislər məni saxladı. Onlara bildirdim ki, maşının işığı söndüyü üçün rayona gedəsi olmadım. Oradan qaynatam Nərimana zəng etdim. Onlar da gələrək maşına başqa akkumulyator qoydular və biz geri qayıtdıq. Evə çatanda səs-küy gəldiyini gördüm və içəri daxil olanda 16 yaşlı oğlum Farizlə Məhəbbətin mübahisə etdiyini, Məhəbbətin ayaq yolunda gizləndiyini öyrəndim.

Oğlum dedi ki, anamı başqası ilə telefonla danışarkən tutmuşam. Öyrəndim ki, həmin vaxt Məhəbbət Zaurla danışırmış. Mən Zaura zəng edəndə Məhəbbət evdən qaçdı. Bu məsələni də keçmiş qaynatam və qaynım ilə danışdım".

"Qızının düzgün yolda olmadığını bildirdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, Məhəbbət kafelərdə işləyən Aydan adlı qadınla münasibət saxlayıb. Onun sözlərinə görə, Məhəbbətin Aydanla münasibət saxlamasına görə də mübahisə ediblər: "Məhəbbətə bildirdim ki, Aydanla münasibət saxlama, o, yaxşı qadın deyil. Məhəbbət buna etirazını bildirdi və dedi ki, Aydanla əlaqəni kəsməyəcək.

İşdən evə gələrkən Aydanın bizdə olduğunu və kompüterdən istifadə etdiyini gördüm. Onun bizdə olmasına əsəbləşdim və evdən qovdum. Bu hərəkətimə görə Məhəbbət mənimlə mübahisə etdi və bildirdi ki, Aydanı qardaşı Akif saxlayır, onu evdən qova bilməzsən. Həmin vaxt Məhəbbət üstümə bıçaq da çəkdi. Keçmiş qaynatam Nərimana zəng etdim və qızının düzgün yolda olmadığını bildirdim".

İlham Süleymanovun bildirdiyinə görə, 2014-cü ildə Məhəbbətlə məhkəmə yolu ilə boşanıblar. Ancaq bir evdə yaşayıblar: "Məhkəmədə Məhəbbətin qarşısında şərt qoyduq ki, əvvəlki hərəkətlərini davam etdirdiyi halda uşaqları ondan alacağıq və evdən qovulacaq. Boşanandan bir neçə ay sonra Məhəbbət dedi ki, ailə üzvləri ilə birlikdə İrana Məşhəd ziyarətinə gedir. Mən də Məhəbbətin ziyarətə getməyinə sevindim. Fikirləşdim ki, daha köhnə əməllərindən əl çəkər. Məhəbbət ziyarətdən qayıdanda ayrılmağımıza baxmayaraq, ona evdə qonaqlıq verdim. Bundan sonra Məhəbbət hicab bağlamağa başladı. Fikirləşdim ki, ziyarətə getdi, hicab bağlayır, daha köhnə əməllərindən əl çəkib. Buna görə də onunla münasibətlərimiz yenidən isinməyə başladı".


"Mesajlar və zənglər pozulmuşdu"

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin ilin yayında oğlu Fariz maşın istəyib: "Oğlumun həm hazırlığı, həm də başqa problemlər olduğu üçün maşın almaq istəmədim. Nəhayət, 2014-cü ilin payızında oğluma "Hyundai" markalı maşın aldıq. Maşının pulunu da mən verdim. Məhəbbət də maşın sürməyi öyrəndi, hərdən o da maşın sürürdü. Bu ilin yanvarında gecə vaxtı Məhəbbət evə gəldi. Amma maşınla gəlməmişdi. Soruşdum ki, maşın hardadı? Bildirdi ki, yollarda tıxac olduğu üçün "Nənəmin Təndiri" kafesinin yanında qoyub. Maşını götürməyə gedəndə gördüm ki, maşının qapıları açıq qalıb. O dəqiqə hiss etdim ki, maşını Məhəbbət yox, başqası idarə edib. Daha sonra evə qayıtdım və gördüm ki, Məhəbbətdə başqa bir telefon da var. Məhəbbətin öz telefonu iki kartlı idi. Buna görə də dedim ki, daha bir telefonu istifadə etmək nəyə lazımdır? Atası Nərimanı və qardaşı Akifi çağırdım. Onlar gələndən sonra yenə də mübahisə etdik. Telefonu apardılar. Səhəri kodu açaraq gətirdilər ki, telefonun içində heç nə yoxdur. Mesajlar və zənglər pozulmuşdu".

O qeyd edib ki, hadisədən bir neçə ay əvvəl evdə müşahidə kamerası yerləşdirilib və Məhəbbətə tapşırıb ki, həmin kameraya müdaxilə etməsin. Onun sözlərinə görə, telefonda sevgi mesajlarının olması və başqa bir kişinin şəkillərinin olması üstündə mübahisə edib: "Buna görə də Məhəbbət evdən getmişdi və atasının evində qalırdı. Hadisədən bir gün qabaq isə geri qayıtmışdı".

"Dedi ki, balalarımız yetim qalmasın"

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün Məhəbbət evdə olmayıb və geri qayıdanda onun harada olduğunu soruşub: "Məhəbbət dedi ki, banka gedib. Bundan sonra qızımı məktəbə apardım və evə qayıdanda mağazadan ərzaq aldım. Evə çatanda gördüm ki, Məhəbbət yenə də telefonla danışır. Onu öldürmək qərarına gəldim. Bu zaman Məhəbbət dedi ki, məni öldürmə, bağışla, balalarımız yetim qalmasın. Məhəbbətə daha gec olduğumu dedim və bıçaqla başını kəsdim".

Zərərçəkmiş şəxsin hüquqi varisi Nəriman Məsimov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. O bildirib ki, qızının pis yola düşməsində İlham Süleymanov günahkardır: "Zauru evə İlhamın özü gətirib. Ailəsi ilə birlikdə Sabirabadda Zaurun evində qalanda heç bizim xəbərimiz olmayıb. İlham Zauru evə gətirib və evdə yatızdırıb. İndi günahkar axtarır.

Əgər İlham Zauru qızımla bir yataqda öldürsəydi, qanını ona halal edərdim. Biz dəfələrlə bu mübahisəni aydınlaşdırmağa çalışmışıq. Oğlumla birlikdə Zaurla söhbət etmişik. O deyib ki, Məhəbbət onun bacısıdır. Mən qızımı öz evimə aparmışam. Amma hadisədən bir gün qabaq İlham oğlu ilə birlikdə qızımı aldadıb evə gətirib və sonrada başına bu oyunu açıblar. İlhama heç bir güzəşt etmirəm, qanunla nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini istəyirəm".

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin qonşusu Kəmalə Mikayılova ifadə verib. O bildirib ki, İlhamla Məhəbbətin arasında tez-tez mübahisə olub. Onun sözlərinə görə, Məhəbbətin hər hansı hərəkətləri ilə maraqlanmayıb. O qeyd edib ki, cinayət hadisəsi baş verəndən sonra İlhamın Məhəbbəti pozğunluq etdiyi üçün qətlə yetirdiyini eşidib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...