16 İyul 2015 13:13

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Cəlilabad şəhər sakinləri İbrahim Fətullayev və Siyasət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Siyasət İsmayılov və İbrahim Fətullayev, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası ərazisində olan Ramin adlı şəxs və digərləri ilə cinayət əlaqəsinə giriblər. Onlar külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər.

Belə ki, Siyasət İsmayılov 12 avqust 2014-cü il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən tanışı Ramin adlı şəxslə görüşüb. Həmin vaxt ramin ona İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələr keçirəcəyini bildirib, həmin narkotik vasitələri 200 manat pul müqabilində Cəlilabad rayonu ərazisində onun deyəcəyi şəxsə çatdırmağını təklif edib.

Razılaşmadan sonra Ramin adlı şəxs İran İslam Respublikası ərazisində məlum olmayan vaxtda və mənbədən 896,25 qram heroini və 513,04 qram tiryəki əldə edib Ramin həmin ilin sentyabrın 2-də, gecə saat 02-03 radələrində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib və Cəlilabad rayonunun Ləkin kəndi yaxınlığında gizlədib. Ertəsi gün Siyasət İsmayılovun istifadəsində olan mobil telefonuna zəng edən Ramin narkotik vasitələrin gizlədildiyi yeri ona izah edib və həmin narkotik vasitələri götürərək İbrahim Fətullayevə çatdırmağı tapşırıb.

Siyasət İsmayılov həmin gün gecə saatlarında 896,25 qram heroini və 513,04 qram tiryəki gizlədildiyi yerdən götürərək yaşadığı Cəlilabad rayonunun Ləkin kəndindəki evinə gətirib və evində gizlədib. Bundan sonra Ramin adlı şəxsin tapşırığına əsasən Siyasət İsmayılov qrupun digər üzvü İbrahim Fətullayevin istifadəsində olan telefon nömrəsinə zəng edib və onunla Cəlilabad rayonu ərazisində görüşərək narkotik vasitələri ona təhvil verəcəyi barədə ümumi razılığa gəlib.

Bundan sonra Siyasət İsmayılov narkotik vasitələri özünə məxsus “VAZ 2121” markalı avtomobilin sürücü oturacağının alt hissəsində gizlədib və həmin narkotik vasitələri qanunsuz olaraq daşımaqla İbrahim Fətullayevə təhvil vermək üçün Cəlilabad rayonu ərazisinə gətirib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyasət İsmayılov Cəlilabad rayonu ərazisində cinayət başında yaxalanıb və onun idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı 896,25 qram olan heroin və 513,04 qram olan tiryək aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində İbrahim Fətullayev də külli miqdarda narkotik vasitələri Siyasət İsmayılovdan təhvil almaq üçün həmin əraziyə gələn zaman yaxalanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Fətullayev 10 il, Siyasət İsmayılov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsində, hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyasının qərarı ilə İbrahim Fətullayevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 9 ilə endirilib. Digər təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...