11 İyul 2014 11:12
2 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Dördüncü yazı)

Güntay Gəncalpın Şah İsmayılın qardaşlarının ölümü ilə bağlı şübhələrinə deyinməyə davam edək.
Şeyx Heydərin Aləmşah bəyimdən olan oğlu İbrahimin siyasi və hərbi liderlik keyfiyyətlərindən uzaq biri olduğu, hətta atasının ayinlərinə belə qatılmadığı barədə məlumatlar mövcuddur. Tarixçilər Sultan Əlinin onu məhz bu səbəbdən varis elan etmədiyi rəyini paylaşırlar. Onun İsmayılı tərk etməsi və tərk edərkən Qızılbaş sarığını Ağqoyunlu papağı ilə əvəzləməsi Səfəvi tarixçilərinin onun haqqında susmasına yol açıb.

Şah İsmayılın ögey qardaşları da vardı və onlardan biri- Süleyman Mirzə səltənəti ələ keçirmək məqsədi ilə Təbrizə də hücum etmişdi. Bu zaman Şah İsmayıl özbəklərlə döyüşdəydi. Süleyman Mirzə İsmayılın həlak olduğu xəbərini yaymış, ancaq Təbriz əhalisi buna inanmayaraq soyuq havada şəhəri sulayaraq yolların buz bağlamasını təmin etmişdi. Süleymanın atlıları buz üzərində hərəkət edə bilməmiş, təbrizlilər məşəllərlə onları sıradan çıxarmışdı. Süleyman Mirzə ustaclılar tərəfindən öldürülmüşdü.

İsmayılın başqa bir qardaşı- Əhməd Mirzə isə xəstəlikdən vəfat etmiş və Şahın buyruğu ilə qəbri üstdə türbə tikilmişdi.

Aləmşah bəyimin Şah İsmayıl tərəfindən boğdurulması tarixdə öz təsdiqini tam tapan məlumatlardan olmamaqla yanaşı, bu barədə irəli sürülən ehtimallar da inandırıcı deyil. Bu barədə ayrıca yazacağımızdan, indi yalnız onu deməklə kifayətlənək ki, Aləmşah bəyim hətta Şah İsmayılın fərmanı ilə öldürürülmüş olsaydı da, bu, Güntay Gəncalpın komplosunun təsdiqlənməsinə əsas yaratmazdı.


İ.H. Uzunçarşılının kitabında yer alan bilgiyə görə, Şah öz anasının boğulmasını 16 sentyabr 1501-ci ildə əmr etmiş və əmrin icrası bir gün sonraya təyin olunmuşdu. O günə qədər isə Şah öz anası ilə dəfələrlə görüşmüşdü və əgər doğrudan da İsmayıl onun oğlu olmasaydı, kifayət qədər siyasi səriştəyə malik olan Aləmşah bəyim hansısa addımlar atardı. Bu yerdə onu da vurğulamağa gərək var ki, İsmayıl Lahicanı 1499-cu ilin avqustunda tərk etdikdən sonra anası ilə Ərdəbildə görüşmüşdü. İlk görüşün gerçəkləşdiyi həmin zamanda o, heç Təbrizi almamış, özünü Şah elan etməmişdi. O görüşdən sonra İsmayılın hərbi yürüşə çıxması Aləmşah bəyimə imkan verərdi ki, ya özünün mənsub olduğu Ağqoyunlu xanədanına, ya da Səfəvi dərgahına “İsmayılın dəyişdirilməsi” ilə bağlı məlumat versin və müəyyən tədbir görülsün.


Güntay Gəncalp Mövlanə Şəmsəddin Lahicanini Səfəvi dövlətinin “əsas və gizli qurucusu” hesab edir. Bu şəxs haqqında mənbələrdə yetərli bilgi yoxdur. Bu bilgi azlığı ondan qaynaqlanır ki, Səfəvi dövlətinin yazılı sənədlərinin önəmli bir qismini sonrakı dönəmlərdə həm xanədan mənsublarının özləri it-bata salıb, həm də onlardan sonra iqtidara gələn sülalə və rejimlər bu məlumatların üzdə olmasına maraq göstərməyib. Digər tərəfdən, Səfəvi sarayının münşilərinin, eləcə də dövrün yazı-pozu bilən adamları üçün Şah İsmayılın özünün şəxsiyyəti inanılmaz dərəcədə böyük maraq doğurduğundan Səfəvi sarayında mənsəb sahibi olan şəxslər kölgədə qalmağa məhkum idi. Mövlanə Şəmsəddin Mirzə Əli Karkiya tərəfindən İsmayıla müəllim təyin edilmişdi. Lahican hakiminin zeydi şiə olması onun sünni olmadığı qənaətini doğurur. Üstəlik, sünni bir ilahiyyatçıdan dərs almasına İsmayılın yetişməsinə məsul olan qızılbaş sufiləri də razı olmazdı. Balaca İsmayılın yanında lələsi Hüseyn bəy Şamlıdan savayı, “Xəlifələrin xəlifəsi” adlanan Xadim bəy kimi bir qızılbaş ustadı var idi və o, icmanın etiqad və tərbiyə işlərindən sorumluydu. Səfəvi təriqətində yetərincə təcrübə və etimad qazanmış bu cür adamlardan tərbiyə almasının nəticəsidir ki, Şah İsmayılın cülusundan sonra rəsmi din elan edilmiş qızılbaşlıq ideologiyasının yazılı əsaslarının olmaması problem yaratmış, hətta sədr Şəmsəddin Lahicaninin işi də çətinə düşmüşdü.

İsmayıl taxta çıxdıqdan sonra ona ərəb və fars dillərini öyrətmiş, Quranı oxutmuş Şəmsəddini həm sədr postuna gətirir, həm də övladlarına müəllim təyin edir. Ancaq bu ehtiram Lahicanin Şah İsmayıl üzərində ciddi təsiri olması anlamına gələ bilməz. Əvvəla, o sadə səbəbə görə ki, İsmayıl Gilanı hətta Mirzə Əli Karkiyanın da sözünü dinləməyərək tərk etmişdi. Digər yandan, Şahı hər hansı qərar verməyə inandırmaq üçün sarayın bütün yüksək mənsəbli şəxsləri böyük çətinlik çəkirdi.

Lahicaninin tutduğu sədr vəzifəsi ilk dəfə Səfəvilər dönəmində təsis edilməmişdi. Teymurilər, Qaraqoyunlular və Ağqoyunlular dönəmində ruhanilər təbəqəsinin maraqlarını müdafiə etmək, seyidlərə və əmmaməlilərə himayə göstərmək, onların işlərini təşkil etmək üçün Sədrlər təyin olunurdu. Şah İsmayılın da qurduğu dövlətdə belə bir struktur yaratması həm ənənələrə, həm də məqsədə uyğun idi. Onun 1501-ci ildə bu vəzifə ilə ödülləndirdiyi Şəmsəddin Lahicani cəmi iki il sədrlik etmişdi. Onun xələfi Qazı Məhəmməd Kaşani isə vəkil Nəcməddin Məsudla apardığı intiraqanın nəticəsi olaraq 1509/10-cu ildə edam edilmişdi. Səfəvilərin dövlət təşkilatını şərh edən tarixçi Oqtay Əfəndiyev yazır ki, istər Şah İsmayılın, istərsə də Şah Təhmasibin dövründə sədr vəzifəsi iki əyan tərəfindən, eyni zamanda icra edilirdi. Bu həm də onların təsir gücünü azaltmaq məqsədi ilə edilirdi. Bu baxımdan da Güntay Gəncalpın Şəmsəddin Lahicani ilə bağlı konspirativ baxışları tənqidə dözməyəcək qədər əsassızdır və Səfəvi dövlətinin sədrinin şuubiyyə təmsilçisi olması ilə də bağlı ortada nəinki fakt, hətta ipucu da yoxdur.

Şuubiyyə- ərəb işğallarından sonra, Əməvilər və Abbasilər dönəmində meydana çıxmış bir axındır. Tanrının Məhəmmədi ərəblər arasından peyğəmbər seçməsi, Quranın ərəbcə nazil olunması ilə öyünən ərəblər işğal etdiyi xalqların tarixinə, mədəniyyətinə və dilinə rişxənd edir, onları alçaldırdılar. Hətta ibadət zamanı bir ərəbin arxasında namaz qılmağı onlara fərz buyururdular. Bu zaman hətta bir hədisə istinad edərək islam peyğəmbərinin “Ərəbləri sevin! Çünki mən ərəbəm, Quran ərəbcədir və cənnətdəki dil ərəbcədir” dediyi bildirilirdi. Heç şübhəsiz bu da yerli xalqlarda etiraz doğururdu və zaman keçdikcə bu etirazlar açıq ifadə olunmağa başladı. Öz varlıqları, keçmişləri, dövlətləri, dilləri və ədəbiyyatları ilə fəxr edən farslar ərəblərdən heç də əskik olmadıqlarını səsləndirməyə başladılar. “Şuubiyə” adlanan bu proses faktiki olaraq xilafət əleyhdarlığına dönmüş və “ərəbsiz islam” anlayışını meydana çıxarmışdı. Türklərin axın-axın gələrək xilafətin təsir gücünü azaltması və dövlətlər qurması ənənəvi status-kvonu dəyişməklə yanaşı, həm farsların ürəyindən tikan çıxarır, həm onların sosial statuslarını gücləndirir, həm də yeni problemlər yaradırdı. Farslar bürokratik işlərə yararlılıqları baxımından türk xanədanlarında yüksək postlar tuturdular.

Səfəvilər, heç şübhəsiz, bugünkü anlamda bir ulus dövləti deyildi, teokratik monarxiya idi. Dövlətin qurucusu olan Şah İsmayıl Ağqoyunlular, Osmanlılar, Şeybanilər, Baburilər, Şirvanşahlar və Ərəb xilafətinə sayğı duymayan, onlara qarşı çıxan bir sosial bazanın lideri idi. Bu sosial bazanın əsas nüvəsini türkmənlər təşkil etsə də, digər xalqların, bugünkü təbirlə desək, İrandilli tayfaların da orada iştirakına sıcaq baxırdı. Görünür, həm İsmayılın irandilli xalqlar, xüsusən də farslarla bağlarının möhkəmlənməsini arzulamadığından və bunu öz səltənətinə qarşı daha təhlükəli saydığından, həm də oturuşmuş bir dövlətin rəhbəri kimi qazandığı təcrübə ilə Osmanlı sultanı ikinci Bəyazid Şaha yazmışdı: “Farslarla bağlı diqqətli ol, çünki onlar özlərindən olmayan hökmdarlara itaət etməyən bir xalqdır”. Ancaq bürokratiyaya dəyişilməz ehtiyac Şah İsmayılı və ondan sonrakı səfəvi hökmdarlarını istər-istəməz farslarla iş birliyinə sövq edirdi, hansı ki bu ehtiyacı oturuşmuş Osmanlı dövləti devşirmə ilə Balkan xalqlarının nümayəndələri hesabına ödəyirdilər. Bununla belə, Şah İsmayılın sarayında və dövlət təşkilatında farsların, o zaman “tacik” adlandırılan bürokratların durumu heç də xoş deyildi. Daha yüksək postlar tutan, xüsusən də ordunun əsas qüvvəsi və sərdarları olan türkmənlər onları aşağılayır və tez-tez gözümçıxdıya salırdılar. Nəhayət, Xətainin şubiyyə prinsiplərinə zidd olan, türk-ələvi saytlarından götürdüyümüz aşağıdakı şeiri də onun xilafət əleyhdarlığının əsasında fars və iranlı yox, məhz türk hissiyyatı dayandığını açıq göstərir:


Yetdükçe tükenir Arab’un kuy u meskeni,
Bağdat içinde her nice Türkman kopar.
Şirvan halaiki kamu Tebriz’e daşına
Mülk-i Acem sorar ki, kıyamet kaçan kopar? (ardı var)

Taleh Şahsuvarlı


Müəllif: Taleh Şahsuvarlı