7 May 2014 09:39
643

Mustafa Dənizlinin “Xəzər Lənkəran”dakı gələcəyinə deyəsən, yavaş-yavaş aydınlıq gəlir.

Bu mövsüm də uğursuzluqla yadda qalan klub mövsümün sonuna az qalmış olmasına baxmayaraq artıq bütün titullardan əlini üzüb. Son bir neçə ildə həm oyunçu heyəti olaraq, həm də baş məşqçilər və texniki personal miqyasında bir xeyli dəyişikliklər eləyən klubda yeganə çatışmayan cəhət hələ də nəticəsizlikdir.
Toşakı yola saldıqdan sonra komandanın əsas məşqçi postunu türk mütəxəssisə etibar eləyən “gəmiçilər” bunun qarşılığını 10 illik yubileylərində hansısa bir kubokla almaq istəyirdilər. Ancaq görünən budur ki, “əldəki hesab çarşıya uymadı”. Əlində kifayət qədər resurs və maliyyə imkanları olan klub bütün bunlara rəğmən orta sıralarda var-gəl eləməkdədir.

Belə olan halda isə ənənəvi olaraq yenidən baş məşqçinin qalması və ya getməsi məsələləri müzakirə olunmağa başladı. Hətta komandaya çox sadiq azarkeşlər belə uğursuzluqlardan təngə gələrək baş məşqçini istefaya səsləməyə başladılar.

Halbuki Mustafa hoca kluba baş məşqçi təyin olunanda məhz həmin azarkeşlər ona az qala tanrı gözü ilə baxırdılar. Ancaq nəticə verə bilməyən baş məşqçi kimliyindən asılı olmayaraq bir müddət sonra azarkeşlərin gözündən düşür.

Mustafa Dənizli haqqında söz-söhbətlər isə son vaxtlar lap geniş vüsət almağa başladı. Hətta “İnter”ə məğlubiyyətdən sonra azarkeşlərin israrlı istefa şüarları bu məsələ haqqında müəyyən şübhələr yaratmışdı.

Məhz həmin oyundan sonra səhhəti ilə əlaqədar Türkiyəyə gedən mütəxəssis haqqında növbəti xəbərlər dolaşmağa başladı. Bəzi mətbuat orqanları iddia edirdilər ki, artıq komandada Dənizli dönəmi bitib. Onun yerinə isə eks-baş məşqçilərdən biri olan Mirça Rednik gətiriləcək.

Bu yaxınlarda saytlardan birinə açıqlama verən Dənizli İstanbulda olduğunu, komandanın sahibi və fəxri prezidenti Mübariz Mənsimovla görüşəcəyini bildirmişdi. Ayrıca qalacağı və ya gedəcəyi barədə suala tam aydınlıq gətirməyən baş məşqçinin dediklərindən belə anlamaq olar ki, növbəti mövsüm də komandanın başında məhz o olacaq.

Dünən isə “facebook” sosial şəbəkəsində maraqlı fotolarla rastlaşdım. İstanbulda yaşayan keçmiş konsul İbrahim Nəbioğlu helikopterlə İstanbul səmalarını gəzərkən çəkdiyi fotoları paylaşmışdı.

Diqqətimi çəkən məqam isə fotoların birindən də göründüyü kimi, Mustafa Dənizlinin İbrahim bəylə birlikdə həmin helikopterdə olması idi. Nəzərə alsaq ki, İbrahim Nəbioğlu hazırda “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupunun vitse-prezidentidir, deməli, bu fotoya o qədər də təəccüblənmək olmaz.

Fotolarda görünməsə də, klubun fəxri prezidenti Mübariz Mənsimovun o helikopterdə olması istisna deyil. Belə çıxır ki, Mustafa hoca vətənində olduğu müddətdə özünün də dediyi kimi, “baş patronla” görüşü baş tutub. Və belə aydın olur ki, bu görüş kifayət qədər mehriban və səmimi şəraitdə keçib.

Görüşün nəticəsinin nə olacağını gələcək günlərdə görəcəyik. Maraqlı olan isə Mustafa hocanın onsuz da pis vəziyyətdə olan komandasını burada başsız vəziyyətdə buraxıb getməsidir. İkiqat maraqlı cəhət komandanın onsuz çıxdığı ilk matçdaca böyük hesabla qələbə qazanmasıdır.

Mustafa Dənizli bu müddətdə dünyaya sözün həqiqi mənasında üstdən aşağı baxıb. Elə komandasına da.


Müəllif: Zaur Xudiyev