18 İyun 2014 11:02
733

Nənəmin bir sözü vardı - belələrinə bilirsiz nə deyərdi - sonradan görmüş. Hansı görməmişinsə hərəkəti onu əndazədən çıxaranda zaman zərfliyini daha dəqiq işarələyərdi - "günortadan sonra görmüş".

Bugün belələri lap çoxdu - günortadan sonra görmüşlər. Xətirlərinə toxunmasın və daha nəzakətli səslənsin deyə onları beynəlxalq bir terminlə təqdim edəcəm - nuvorişlər. Ətrafınıza baxan kimi görəcəksiz - inanın, sayca çoxdurlar. Əslində çox olmaları yaxşıdır ki, pis deyil. Amma kəmiyyətləri artdıqca kefiyyətcə də çoxalsalar barı. Kimdi nuvoriş? Dünya məhz aşağı zümrədən olan və birdən-birə varlanan insanlara nuvoriş deyir. Fransızcadan hərfi tərcüməsi "yenicə zənginləşmş" anlamına gəlir. Təzə fakt deyil. Avropada burjua inqilabları cövlan edəndən sonra qeyri-aristokratların da əli pula çatır. Birdən-birə varlanan dünənki kasıbların cibi sürətlə dolsa belə, başları elə əvvəlki vəziyyətdə qalır. Köhnə quru bəylər, yəni əsilli-nəsilli aristokratlar da bu başı boş, cibi dolu insanlara yuxarıdan aşağı baxıb nuvoriş adlandırır - məcazi mənası - sonradan görmüş, ya da nənəm demiş, günortadan sonra görmüş.

***

Bu nuvoriş məsələsi haradan yadıma düşdü? Mən deyim, siz qərar verin. Bakıdan cənub bölgəsinə yola çıxmışıq. O yol, səhv etmirəmsə, Bakı-Salyan şosesi adlanır, amma Salyana hələ lap çox var, mərkəzdən təzə aralanmışıq. Qəza olub, 3 maşın toqquşub deyə yolu bağlayıblar. Maşın karvanı da sağa - alternativ yola yönəlir. Başqa variant olmadığından hamı kimi biz də gedirik. Demə, bu yol "Sədərək" ticarət mərkəzinin yoludu. Yəni bayaq kəsilən yola çıxmaq üçün mütləq "tolkuçka"dan keçməlisən. Maşın çox, yol dar. Əməlli-başlı tıxac yaranır. İrəli keçincə ləngliyin əsl səbəbi də bəlli olur. Demə, "Sədərək"dəki işbazlar bu qısa məqamdan da faydalanmaq fikrinə düşüblər. Yəni rayonlara gedən, uzaq yola çıxdığından tələsib tez keçmək istəyən adamlardan - Ərəb Zəngi misalı - yolbasdı haqq alırlar. Ticarət mərkəzinə getmədiyini, sadəcə yolda qəza olduğundan bu məkandan keçib getmək zorunda qaldığını söyləyən insanlara məhəl qoyan kim? Buradan keçirsənsə, pul verməlisən. Qayda hamı üçün qayda, qanun - birmənalı qanundur. Amma niyə axı? 2-3 kilometrlik yolu keçmək üçün haqmı verərlər? Həm də izah olunur ki, yuxarıda qəza baş verib deyə yol bağlıdır. Amma kimə deyirsən? Burada onların sözü keçir - nuvorişlərin. Cibi dolu olsa belə, başı və içi boş olanların...

***

Bir belə nuvoriş dəstəsini də axşam gördüm - Xəzər sahilindəki ən məşhur və ən bahalı hotellərin birində. Reklam olmasın deyə ad çəkməyəcəm - son dərəcə modern bir məkan. Könül istəyir elə saatlarla tamaşasına dursun. Burada istirahət edən insanlar, təbii ki, pul-para, imkan sahibləridi. Elə kimin nuvoriş olub-olmaması da görkəmindən bəlli. Dəniz sahilinə 4-5 saatlıq istirahətə yollananlar geyimlərini məkana uyğun seçirlər adətən - rahat, sadə görünürlər. Burada isə bir xanım var ki, geyimilə hər kəsi şoka salıb. Dəbdəbəli toylara geyinilən upuzun libas, qır-qızıl - elə bil univermaqdakı bir vitrini boyun-boğazına taxıb zalım balası, üstəlik, 13-15 santimentrlik kabluku olan yekə bir dikdaban. Yerimək bir yana - ayaq üstə dayananda belə müvazinətini zorla tənzimləyir. Kimdi bu xanım? 99 yox e, lap 100 faiz nuvorişdi.

***

İnsanın inkişafı normal, həm də arzuolunan prosesdi. Sağlam mühit də elə bu inkişafa rəvac vermək üçündür. Amma inkişaf edib mal-mülklərini, pul-paralarını artıranlar nolar barı mərifətlərini, insanlıqlarını da artıralar. Nuvorişin gen yaddaşında nə var ki, ondan nə faydalana, nə xeyir götürə? Daim, nəsilbənəsil, yüzillər boyu ac-yalavac dolananların törəmələridi vallah belə görməmişlik də eləyən, özünü-sözünü də unudan, insanlıqdan da çıxan. Pul-para, vəzifə-mənsəb sizə yad deyilsə, gen yaddaşınızda işartıları hələ də görünürsə, inanın qazandıqlarınız daş olub başınıza düşməyəcək, əksinə, sahibinə hörmət, nüfuz gətirəcək. Yox, əgər dediyim kimi nuvorişsinizsə - onda heç zad - milyonların da olsa xeyri olmayacaq. Gen (yad)daşı mütləq özünü göstərəsidi.


Müəllif: Afaq Vasifqızı